Ötən həftə keçirilən 18-ci turun oyunları ilə premyer-liqa da qış fasiləsinə yollandı.
Bu həm də ikinci dövrənin başa çatması deməkdi. Bəs ilk yarı nə ilə yadda qaldı, hansı komandalar ümidləri doğrultdu, hansılar azarkeşlərini məyus etdi? Kimlər adından söz etdirməyi bacardı, kimlər ümidləri doğrultmadı? Bu yazıda bu və başqa suallara cavab tapmağa çalışacağıq.
İlk “üçlük”
Çempionatın əvvəlində “Qarabağ”ın əvvəlki illərdə olduğu kimi, bu dəfə də çempionluq uğrunda mübarizə aparacağı heç kimdə şübhə doğurmurdu. Qurban Qurbanovun çalışdırdığı kollektiv ilk turlardan premyer-liqada favorit olduğunu ortaya qoydu. İlin son qarşılaşmalarında ağdamlılar parlaq oyunla yadda qalmasa da, istədiyi nəticəni qazana bildi. “Köhlən atlar” 2022/23 “futbol ili”ndə məğlub olmayan yeganə komandadı. Turnir cədvəlində ilk pillədə qərarlaşan kollektiv ən yaxın izləyicisini 7 xal qabaqlayır. Mövsümün ilk yarısında “Qarabağ”ın adına yazıla biləcək tək uğursuzluq ölkə kuboku ilə bağlıdı. 1/4 finalda “Qəbələ”yə uduzan komanda artıq “qızıl dubl” arzusunun üstündən xətt çəkə bilər. İlk yarı “Sabah” üçün də istənilən kimi alındı. Murad Musayevin komandası kubokda mübarizəni dayandırsa da, premyer-liqada ikinci yerdədi və böyük ehtimalla mövsümün sonunda tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanacaq. “Sabah” çempionluq uğrunda mübarizə apara bilər? İki dövrə, xüsusilə də ikinci göstərdi ki, Musayevin çalışdırdığı kollektiv hələ “Qarabağ”a “əlcək atacaq” səviyyədə deyil. Ola bilsin, ayrı-ayrı qarşılaşmalarda komanda çox yaxşı təsir bağışladı, rəqiblərindən çox üstün oyun sərgilədi. Ancaq bu gün üçün “Sabah” nə psixoloji, nə də oyun planında ağdamlılarla baş-başa gələcək səviyyədə deyil.
İlk “üçlüy”ün sonuncusu “Neftçi” ilk yarıda qeyri-sabit çıxışla yadda qaldı. “Ağ-qaralar” çempionluq uğrunda əsas rəqibləri “Qarabağ”la “Sabah”a hər iki dövrədə uduzdu. Belə olan halda Laurentsiu Regekampfın çalışdırdığı komandanın qış fasiləsinə 3-cü pillədə yollanmasınada qeyri-adi heç nə yoxdu. Onu da nəzərə almaq lazımdı ki, ölkənin ən köklü klubu ilk dövrədə “Turan Tovuz”, 13-cü turda isə “Sumqayıt” ilə heç-heçə etməklə qızıldan qiymətli xallar itirib. Rumın mütəxəssisin çalışdırdığı komandanın üçüncü pillədə qərarlaşmasını şərtləndirən amillərdən biri də müdafiənin etibarsız olmasıdı. “Qarabağ”la “Sabah”dan daha çox top buraxan “ağ-qaralar”, çox maraqlıdı ki, bu göstəricidə “Qəbələ”yə də uduzur. “Neftçi” 18 oyunda qapısında 19 top görübsə, bölgə təmsilçisi 18 dəfə məyus olub. İlk yarıda “ağ-qaralar”ın adına müsbət məqam kimi komandanın adını ölkə kubokunun yarımfinalçıları arasına yazdırmasını qeyd etmək olar. “Qarabağ”la “Sabah”ın yarıyolda qaldığını nəzərə alsaq, Regekampfın komandası mövsümü titulla başa vurmaq baxımından yetərincə şanslıdı. Müdafiədən söz düşmüşkən, “Qarabağ” 18 matçda cəmi 8, “Sabah” isə 13 dəfə meydanın mərkəzinə dəvət olunub. Yeri gəlmişkən, iki dövrədən sonra ilk “üçlük”də qərarlaşan komandalarla başqaları arasında xal durumu baxımından dərin uçurum yaranıb. Təsəvvür edin, 4-cü pilllədə yer alan “Zirə” “Qarabağ”dan 22, “Sabah”dan 15, “Neftçi”dən isə 10 xal geri qalır ki, bu da heç də gözoxşayan statistika deyil. Artıq indidən yayda avrokuboklara yollanacaq 4 komandadan üçünün adı böyük ölçüdə dəqiqləşib.
Ortabablar
“Zirə” və “Qəbələ”nin fasiləyə, uyğun olaraq, 4-cü və 5-ci pillədə yollanması gözlənilən idisə, mövsümlərarası fasilədə, demək olar ki, sıfırdan qurulan “Turan Tovuz”la “Şamaxı”nın ortabablar arasında yer alması bir qədər gözlənilməz oldu. Ayxan Abbasov və Cavid Hüseynov - Vüqar Əsgərli cütlüyü, bir qədər pafoslu səslənsə də, inanılmazı bacardı. Həm Tovuz, həm də cari mövsümdən yeni ünvana köçən Şamaxı təmsilçisini çempionatın əvvəlində çoxları ciddiyə almırdı. Hətta proqnoz verməyi xoşlayanlar hər iki komandanı turnir cədvəlinin son pillələrində görürdülər. Ancaq ehimallar yaxşı mənada özünü doğrultmadı. Cəmi iki aya formalaşan komandalardan biri, yəni “Şamaxı” ikinci dövrədə cəmi iki oyunda - “Qarabağ” və “Neftçi” ilə matçlarda məğlubiyyət acısı yaşadısa, “boz qurdlar” Abbasovun rəhbərliyi altında kubokun yarımfinala belə yüksəlməyi bacardı. Bəli, “Turan Tovuz” çox qol vurmur, 18 oyunda cəmi 11 dəfə rəqibləri məyus edib. Ancaq nəticəyə hesablanan, intizamlı oyunu ilə “bərk qoz” adını doğruldur. “Şamaxı” isə gənclərin hesabına 90 dəqiqə rəqiblərinə başağrı olmağı bacarır. Hüseynov – Əsgərli tandemi təcrübəsiz komandanın üstün cəhətindən maksimum yararlanmağı bacarır. İlk yarıda ümidləri doğrultmayan komandalar arasında “Zirə”nin adını çəkə bilərik. Rəşad Sadıqovun fərd olaraq ambisiyalı olduğunu nəzərə alsaq, onun xarakteri ilə çalışdırdığı komandanın oyununun üst-üstə düşmədiyini vurğulamaq lazımdı. “Qəbələ” isə hər nə qədər baxımlı, şən futbol oynasa da, bəzən yersiz xal itkilərinə yol verdiyindən yuxarı pillələrdən uzaq düşüb. Ancaq “qırmızı-qaralar”ın kubokda yoluna davam etdiyini də xatırlamaq lazımdı.
Autsayderlər
4 illik fasilədən sonra elitada oynayan “Kəpəz”in tunir cədvəlinin sonlarında qərarlaşması hardasa başadüşüləndi. Mövsümə uğursuz başlayan “sarı-göylər” Tərlan Əhmədovun Yaşar Vahabzadəni əvəzləməsindən sonra tədricən özünə gəlməyi bacarıb. Bəlkə də Əhmədov ilk turdan “sükan arxasında” olsaydı, Gəncə klubu bu gün 9-cu yox, daha üst pillərdə qərarlaşardı. Hər halda, Tərlan bəyin rəhbərliyi altında “Kəpəz” toparlanmağı bacarıb. “Sumqayıt” və “Səbail”in ausayderlər arasında olması çoxları üçün gözlənilməz oldu. Yayda həm “kimyaçılar”ın, həm də “dənizçilər”in büdcəsində artım olduğundan düşərgəyə xeyli yeni legionerlər dəvət olundu. “Səbail” hətta Aftandil Hacıyevlə sağollaşıb baş məşqçi postuna Mahmud Qurbanovu dəvət etdi. Bu səbəbdən “Sumqayıt”la “Səbail”in iddialı olacağı gözlənilirdi. Ancaq uğursuz transfer siyasəti hər iki komandanın turnir cədvəlinin dibində yer almasına səbəb oldu. Təsadüfi deyil ki, “kimyaçılar”ın rəhbərliyi 7-ci turdan, “dənizçilər”in başbilənləri isə ikinci dövrədən sonra baş məşqçi ilə yolları ayırmağı lazım bildi. “Sumqayıt”ın Samir Abasova tapşırıldığı məlumdusa, “Səbail”də yeni çalışdırıcının adı yaxın günlərdə, bəlkə də bu yazı qələmə alınarkən bəlli olacaq. “Gənclik şəhəri”nin təmsilçisi hücum xəttinin bərbad çıxışından əziyyət çəkir. Komanda 18 oyuna cəmi 10 qol vurub ki, bu da ortalama ilk yarı üçün 0,6 qol deməkdi. Bir oyuna bir qol vura bilməyən kollektivdən başqa nə gözləmək olar?!
Adından söz etdirənlər
İki dövrədən sonra premyer-liqada çıxış edən yerlilər arasında diqqəti cəlb edənlər, azarkeşlərin ürəyindən tikan çıxaranlar? Etiraf edək ki, belələrinin sayı çox olmasa da, yox da deyil. İlk növbədə bombardirlik yarışında zirvədə qərarlaşan Ramil Şeydayevi qeyd etmək olar. Mütəxəssislər Rusiya futbol məktəbinin yetirməsinin potensialının yüksək olduğunu daim qeyd edib. Ancaq onu da vurğulayıblar ki, Şeydayev hələ potensialını tam aça bilmir. Deyəsən, 2022/23 “futbol ili” “Qarabağ”ın oyunçusu üçün düşərli olacaq. Cari mövsümün ilk yarısında istər daxili çempionatda, istrəsə də avrokuboklarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. “Köhlən atlar”ın qitəmiqyaslı oyunlarında 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Ramil yığmanın heyətində Millətlər Liqasında keçirdiyi 6 görüşdə bir dəfə fərqlənib. Premyer-liqada isə 18 matçda 14 dəfə adını tabloya yazdırıb. Onun komanda yoldaşı Musa Qurbanlı da özünü yaxşı tərəfdən göstərə bildi. Gənc forvardın hesabında 12 qol var ki, bu göstərici ilə “ən sərrast” futbolçuların yarışmasında ikinci pillədə qərarlaşıb. “Sabah”dan Ceyhun Nuriyevi, “Şamaxı”dan Fuad Bayramovu da qeyd etmək olar.
RƏŞAD