"Mən də onun istefa xəbərini mətbuatdan oxumuşam" – “Kəpəz” rəsmisi

28.08.2022 17:54 661
Premyer-liqa / Manşet
Dünən “Səbail”lə yenilən “Kəpəz” ardıcıl dördüncü dəfə meydanı məyus tərk etdi.

Matçdan sonra gəncəli fanatlar məğlubiyyəti həzm edə bilməyərək baş məşqçi Yaşar Vahabzadəni istefaya səsləməklə yadda qaldılar. Qeyri-rəsmi məlumata görə “dənizçilər”lə oyundan sonra Yaşar bəy yaxın ətrafına belə şəraitdə işləyə bilməyəcəyini bildirib və istefa verdiyini açıqlayıb. Ancaq hələ ki, klub tərəfindən baş məşqçinin istefası ilə bağlı ictimaiyyətə məlumat verilməyib.

Yaşananlarla bağlı “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə danışmağı lazım bildik. İcraçı direktor “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Səbail”lə oyundan sonra Yaşar müəllimlə görüşməmişik. Mən də onun istefa xəbərini mətbuatdan oxumuşam. Sabah komandanın məşqi var. Yəqin ki, orda görüşəcəyik. Nəsə olsa, klubun mətbuat xidməti tərəfindən ictimaiyyətə açıqlama veriləcək”.


İstefa verdiyi söylənilən Vahabzadə ilə də danışmaq istədik. Təəssüf ki, 62 yaşlı mütəxəssis zəngləri cavabsız qoydu.

RƏŞAD