Hüseynəli “Səbail”in “qara zolaq”dan çıxacağına inanır: “Emillə rəqabət mənə yalnız xeyir verir”

24.12.2022 11:40 399
Manşet / Müsahibə
Ölkə kubokunun 1/4 finalının cavab qarşılaşmasında "Səbail" səfərdə "Sabah"a minimal hesabla qalib gəlməklə mərhələ adladı.

Bu görüşdə "dənizçilər"in əsas qəhrəmanı, sözsüz, Hüseynəli Quliyev idi. Gənc qolkiper bir neçə dəfə komandasını xilas etməklə diqqət mərkəzinə düşdü.

Football-plus.az olaraq onunla son oyun və karyerasıyla bağlı söhbət etdik.

- Bu mövsüm az şans qazanmısan. Amma "Sabah"la kubokun cavab matçında seyvlərinlə komandanın qəhrəmanı oldun. Həm çıxışın, həm də oyunla bağlı təəssüratın maraqlıdı...
- Hər bir futbolçu kimi, mən də şansdan maksimum istifadə etməyə çalışıram. Şükürlər olsun ki, tək mənim yox, komandanın oyunu yaxşı alındı. Həqiqətən çox güclü rəqibə qarşı mübarizə apardıq. “Sabah”ı hər hər iki oyunda məğlub etmək bizim üçün çox gözəl oldu. Bütün kollektivimizə minnətdaram, hamını bir daha təbrik edirəm.

- Kubokda yaxşı çıxış etsəz də, çempionatda uğursuz seriya davam edir. “Qara zolaq”dan nə vaxt çıxacaqsız?
- Doğrudu, premyer-liqada bəxtimiz gətirmir, istədiyimiz yerdə deyilik. Futbolda belə hallar olur. Amma növbəti oyunlarda “qara zolaq”dan çıxacağımıza komanda olaraq inanırıq.

- "Səbail"də Emil Balayev kimi təcrübəli qolkiperlə rəqabət aparmaq çətin deyil?
- Sevinirəm ki, Emil Balayev kimi Azərbaycanın ən yaxşı qapıçılarından biri ilə komanda yoldaşıyam. Həm qapıçı, həm də insan kimi ondan öyrənəcəyim çox şey var. Emillə rəqabət mənə yalnız xeyir verir. Onunla meydandan kənarda da münasibətimiz çox yaxşıdı.

- Gələcəkdə daha çox oynamaq üçün komandanı dəyişməyi və ya legioner həyatı yaşamağı düşünürsən?
- Hazırda "Səbail"in uğurları üçün çalışıram. Başqa məsələlər barədə düşünmürəm. Amma gələcəyə baxsaq, hər bir futbolçu kimi, Avropanın yaxşı klublarında oynamaq mənim də arzumdu. Bunun üçün hələ çox çalışmalıyam.

ABDULLA İSMAYILOĞLU