Məlum olduğu kimi, 1-ci divizionun 14-cü turunda baş tutan “Mingəçevir” – “Qaradağ Lökbatan” matçından sonra Bakıya qayıdan hakimlər briqadasının üzvləri - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və hakim-inspektor Ceyhun Haşımov qəzaya düşüb.
Football-plus.az xəbər verir ki, Haşımov bir neçə dəfə şəxsi "feysbuk" hesabında video paylaşaraq durumu barədə məlumat verib. O bildirmişdi ki, ötən həftənin cümə günü əməliyyat olunacaq. Maraqlıdı, hazırda Ceyhun bəyin durumu necədi? Əməliyyat necə keçdi? Nə vaxt yenidən ayağa qalxıb fəaliyyətini davam etdirəcək?
Bu suallara cavab tapmaq üçün dünən özü ilə əlaqə saxladıq:
"Diqqətinizə görə sizə təşəkkür edirəm. İki əməliyyat keçirdim. Sol ayağım sınmışdı və sümüyün bir neçəsi bədən orqanlarına daxil olmuşdu. İlk əməliyyatda bu problemi həll etdilər. İkincisi isə protezin qoyulması idi. Bu da dekabrın 16-da baş tutdu və uğurla nəticələndi. Ayağımın bir neçə yerində sınıqların olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində hamısı aradan qaldırılır. Hazırda ağrılar yoxdu, özümə gəlmişəm. Artıq bir neçə gündü həkim personalının, tutacağın köməyi ilə ayağa qalxıb bir neçə addım atıb yenidən çarpayıya qayıdıram. Hər şey yaxşıdı. Həkimlərin dediyinə görə, sabah (bu gün) məni evə buraxacaqlar. Çünki vacib olan butun prosedurlar başa çatıb. İki ay evdə, yataq şəraitində müalicəyə davam edəcəm. Əlbəttə, bu da məni çox sevindirdi. Yenidən ailəmin, əzizlərimin yanına dönürəm. Müalicə aldığım xəstəxananın əməkdaşlarına təşəkkürümü bildirirəm. Təsəvvür edin ki, gözləmədiyim bir halda, belə xəsarətlərə baxmayaraq, 10 gündən sonra artıq evə gedirəm. Qəzetiniz vasitəsiylə məni axtaran, arayan, ziyarətimə gələn hər kəsə təşəkkür edirəm. Belə adamların sayı həqiqətən də gözləmədiyim halda çoxdu. Hər gün zəng edir, yazırlar. Gecə saat 2-də ağrılar səbəbindən yata bilmədiyimə görə məni onlayn görüb yazırlar. Ən vacibi də elə dostların göstərdiyi qayğıdı. Bütün xəstəxana xərclərini AFFA rəhbərliyi şəxsən Rövnəq Abdullayevin tapşırığı ilə qarşılayır. Sərxan müəllim də bir neçə dəfə ziyarətimə gəlib. O da hər şeyin nəzarətlərində olduğunu, ancaq ayağa qalxmaq barədə düşünmək lazım olduğunu bildirib. Yəni tam sağalıb, ayağa durub işə gedənə qədər onların nəzarətində olacam. Həkimlər bildiriblər ki, 6-cı həftədən sonra artıq sərbəst şəkildə yerimdən qalxıb gəzməliyəm. Təbii ki, 5-10 gün tez və ya gec ola da bilər. Düzdü, bədəndə yad cism var, mən hələ buna alışmalıyam. Deyirlər ki, canın candan xəbəri yoxdu, hansı ağrılar, hansı hisslər var, bilmək olmur. Allah heç kimə gôstərməsin, ancaq gərək bu ağrıları yaşayasan ki, yaşayanın halını başa düşəsən. Hələ ki müəyyən psixoloji amillər də var. Zarafat deyil, saatyarım maşının içində, sükan qarnıma girmiş, ayaqlarım qırılmış vəziyyətdə xilasediciləri gözləmişəm. Burda psixolojı mərhələni keçmək də vacibdi. Yenə də Allahıma üsyan etmədim. Həmişə şükr etdim, daha da betər ola bilərdi".
Maraqlıdı, maşında olan digər şəxslərin durumu necədi? Ceyhun bəy bu sualımızı da cavabladı:
"Digər yaralı əməkdaşlarımızla da əlaqə saxlayırıq. Onlar da gəlib məni ziyarət edir. Yalnız Elmin Süleymanovdan məlumatım yox idi. O mənim arxamda əyləşmişdi. Pis çıxmasın, qəza zamanı maşının üstümə gəldiyini gördüm. Həmin an 1 saniyə vaxtım var idi. Sadəcə, fikirləşdim ki, üzbəüz bizə dəysə, maşında heç kim sağ qalmayacaq. Maşının özüm olan hissəsini qabağa verdim ki, zərbə mənə düşsün. Bundan sonra maşın dərəyə düşəndə uşaqlara dedim ki, tez düşün, partlayar. Onlar məni də dartmaq istədilər. Amma qoymadım ki, mən sıxılmışam. Həmin an arxada Elmini görə bilmirdim. Sonradan bildim ki, başından xəsarət alıb. O da mənim müalicə aldiğım xəstəxanada idi. Axırda yoldaşıma dedim ki, düş onun olduğu palataya, şəklini çək və mənə göndər. Hamı onsuz da “yaxşıdı” deyirdi. Lakin şəklini görəndən sonra rahatladım. Dünən gəlib mənimlə sağollaşdı və artıq evinə yerləşdirilib. Allah ona da tezliklə şəfa versin, işinə qayıtsın. Qəzanı törədən şəxsi tanımıram. Bizi bu vəziyyətə saldı, özü də dünyasını dəyişdi. Həyatdı, gərək olmayaydı, amma oldu. Yəqin ki, qizmətimizdə var idi".
ŞAİR ABDULLA