Birinci divizionda ilk dövrəyə yekun vuruldu.
Football-plus.az xəbər verir ki, 15 turdan sonra “Araz Naxçıvan” 32 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə liderdən 4 xal geri qalan “Turan Tovuz-2”, 3-cü yerdə isə eyni xala malik “Neftçi-2” qərarlaşıb.
Mövsümə yaxşı başlayan, bir ara hətta liderlər qrupunda yer alan MOİK hazırda 21 xalla altıncıdı. Niyə “hərbçilər”i yada saldıq? Etibarlı mənbədən “Futbol+”ə daxil olan məlumata görə, fasilə dönəmində MOİK-də baş məşqçi dəyişikliyi reallaşacaq. İlk dövrədə bu funksiyanı yerinə yetirən Şəhriyar Məmmədovu Qəzənfər Abbasov əvəzləyəcək. Bəlkə də ilk baxışdan çoxlarına bu ad o qədər də tanış deyil. Ancaq ölkə futbolunu yaxından izləyənlər onu yaxşı tanıyırlar. Qəzənfər bəy Sumqayıt “Uğur”unu Region Liqasında iki dəfə çempionluğa daşıyıb. Onun son iş yeri Quba “Şahdağ”ı olub. Quba təmsilçisi 2021/22 mövsümünə iddialı başlasa da, maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmışdı.
Söylənilənləri dəqiqləşdirmək üçün Qəzənfər bəylə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.