Region Liqasında çıxış edən “Ağsu Siti” son turda keçirilməli olan “Ağsu-06” ilə matça çıxmayıb.
Bu artıq “şəhərlilər”lə bağlı ikinci belə olaydı. Əsasnaməyə görə üzürsüz səbəbdən iki qarşılaşmaya çıxmayan komanda Region Liqasından kənarlaşdırılır. Belə çıxır ki, artıq “Ağsu Siti”nin “qələmi qırılıb” və komanda qış fasiləsindən sonra liqada çıxış etməyəcək. Başverənlər barədə daha dolğun və ətraflı məlumat əldə etmək, problemin nədən qaynaqlandığını öyrənmək üçün klubun prezidenti Rəmzi Eminli ilə əlaqə saxladıq.
- “Araz”la oyuna çıxmayan komanda “Ağsu-06” ilə matça da çıxmadı. Yəqin Əsasnamədə yazılanlardan xəbəriniz var. Üzürsüz səbəbdən iki oyunda meydana çıxmayan komanda yarışdan kənarlaşdırılır...
- “Ağsu-06” ilə qarşılaşmadan öncə 20 futbolçumuzdan 9-u xəstələnmişdi. Cəmi 11 oyunçumuz var idi ki, onlarla birgə 3 maşınla Bakıdan Ağsuya oyuna yollandıq. Hər dəfə iritutumlu maşınlarla gedirdik. Ancaq maliyyə problemiylə bağlı dostların köməyi ilə bu qarşılaşmaya öz maşınlarımızla getmək məcburiyyətində qaldıq. Dekabrın 10-da güclü yağış yağırdı. Müşfiq qəsəbəsinə keçəndən sonra maşınlardan biri yoldan sürüşüb çıxdı. Şükür, salamatçılıq olub. Ancaq nə qədər olmasa, maşının içindəkilər qorxublar. Belə deyək, şok keçiriblər. Aralarında yüngül zədə alan da olub. Dövlət Yol Polisinin əməkdaşları hadisə yerinə gəldilər, üzərlərinə düşən işi yerinə yetirdilər. Qəzadan sonra Ağsuya yox, Bakıya qayıtdıq. Uşaqlardan ikisinin qolu əzilsə də, özümüz ilkin yardım göstərdik. Bu səbəbdən xəstəxanaya müraciət etmədik. Hadisə ilə bağlı AFFA-nı da məlumatlandırdıq. Bizə “şəkilləri göndərin” dedilər. Biz də deyiləni etdik. Sonra DYP-dən rəsmi sənəd təqdim etməyimizi istədilər. Onu da etdik. Onlardan yeganə istəyimiz qəzaya görə oyunun vaxtının dəyişdirilməsi idi. DYP-dən qəza keçirməyimizlə bağlı arayışı assosiasiyaya təqdim etsəm də, bizə güzəşt etmədilər. Bildiyimə görə, AFFA-ya bizə güzəşt olunmaması ilə bağlı təzyiq olub.
- Kim təzyiq edib?
- İcra başçısının adından rayonun Gənclər və İdman İdarəsinin rəisi danışıb. O təzyiq edib ki, bizə texniki məğlubiyyət verilsin.
- Bəs sonra AFFA rəsmiləri ilə əlaqə saxlamadız?
- AFFA-nın baş katibi Sərxan Hacıyevə zəng etdim. Ona “niyə kimdənsə çəkinib belə addım atdız” sualını verdim. Qəza səbəbindən oyuna gedə bilmədiyimizi söylədim. Oyun bir-iki gün sonra baş tutsaydı, guya nə olardı ki?!
- Sərxan bəy nə cavab verdi?
- O da qanundan danışmağa başladı. Ona qanunu pozmadığımızı, “lipa” oynatmadığımızı, sadəcə, qəzaya görə Ağsuya gedə bilmədiyimizi dedim. “Füzuli” ilə matçda qeydiyyatdan keçməyən futbolçunu oynatdığımıza görə texniki məğlubiyyət verildi. Səhvimizi başa düşüb narazılıq etmədik. Ancaq bu dəfə ortada qəza söhbəti var. 3 saat öncədən başverənlərlə bağlı AFFA-nı məlumatlandırmışıq. Bildirmişik ki, qəza olduğundan oyuna çata bilməyəcəyik.
- Bundan sonra nə etmək fikriniz var?
- Bu məsələdə konkret haqsızlıqla üzləşmişik. Harda görünüb ki, qəza keçirən futbolçu bir neçə saatdan sonra meydana çıxsın? Lap heç biri qəzada xəsarət almayıb. Onların qəza anında keçirdiyi həyəcana, şoka nə deyəsən? Adam ölümdən dönüb... Bir də ortada DYP-nin rəsmi arayışı var. Belə çıxır ki, AFFA sifarişlə işləyir. Quruma müstəqil fəaliyyət göstərən klublar lazım deyil. Nə edəcəyik? Bundan sonra nə edə bilərik? Fəaliyyətimizi dayandıracağıq. Bizə deyirlər ki, xəsarət yox idisə, oyuna çıxardız. Görəsən, özləri həmin vəziyyətdə futbol oynaya bilər? Neçə ildi bu komanda Region Liqasında çıxış edir. Heç olmasa, bizə buna görə hörmət qoyardılar. Hər halda, yenə ümidimizi itirmirik.
RƏŞAD