Region Liqasında mübarizə aparan “Ağsu Siti”nin maliyyə problemi ilə üzləşdiyini ötən saylarımızın birində xəbər vermişdik.
Onu da bildirmişdik ki, komanda pulsuzluq səbəbindən 3-cü turda Saatlı səfərinə yollana bilməyib. “Araz”la oyuna çıxmayan “Ağsu Siti” ötən həftə “İsmayıllı”nı qonaq edib və 2:1 hesablı qələbəyə sevinib. Oyundan sonra fərqli sosial platformalarda “Ağsu Siti”yə məxsus səhifələrdə rayonun icra başçsına, polis rəisinə, Ağsunun baş həkiminə göstərdikləri dəstəyə görə minnətdarlıqdolu paylaşımlar edildi, komanda adından təşəkkürlər yazıldı. Düşünmək olardı ki, artıq Rəmzi Eminlinin rəhbəri olduğu klubun problemi həllini tapıb, “Ağsu Siti” Region Liqasında yoluna davam edəcək. Ancaq...
Dünən məsələ ilə bağlı Rəmzi bəylə əlaqə saxladıq. Məqsəd problemin necə həll olunib-olunmadığını, bundan sonra necə olacağını öyrənmək idi. Klub prezidenti ilə söhbətdə məlum oldu ki, heç kim kömək etməyib. Sosial platformalarda klub adından yazılanlar da, sadəcə, ironiyadı:
“Maliyyə cəhətdən heç bir kömək olmayıb. Sosial şəbəkələrdə yazılanlara gəlincə... Sadəcə, kömək istəməkdən yorulduq. Düşündük ki, sosial şəbəkələrdə belə yazaq, bəlkə utandılar, hansısa addım atdılar. Düzdü, polis rəisi, baş həkim imkan daxilində bizə kömək edir. Oyunlarımıza polislər və tibb işçiləri gəlir. Onlar olmasa, matçın keçirilməsinə icazə verilmir. Ancaq maddi planda çox çətinlik çəkirik. İcra başçısının adını yazdıq ki, bəlkə utanıb nəsə edə. Qısaca, vəziyyət çox pisdi”.
Rəmzi bəy növbəti turda meydana çıxacaqlarına inanmadıqlarını, AFFA İntizam Komitəsinin qərarını gözləmədən Region Liqasından çəkiləcəklərini də vurğuladı. Xatırladaq ki, turnirin Əsasnaməsində üzürsüz səbəbdən iki oyunda meydana çıxmayan komandanın yarışdan kənarlaşdırılması ilə bağlı bənd var:
“Növbəti turda “Ağsu-06” ilə qarşılaşmalıyıq. Bu, icra başçısının yaratdığı komandadı. Çox prinsipial qarşılaşmadı. Ancaq meydana çıxacağımız sual altındadı. Futbolçular pul olmadığından meydana çıxmaqdan imtina edirlər. Əsasnamədə yazılanlardan xəbərimiz var. “Ağsu-06” ilə matça çıxa bilməsək, turnirdə iştirakdan imtina edəcəyik. İntizam Komitəsinin bizə güzəşt edəcəyinə ümid bəsləmirik”.
RƏŞAD