Qətərdəki mundialda ilk het-trik 1/8 finalda qeydə alındı.
Sözün düzü, bunu bacaracaq oyunçuların güman olunan siyahısında Lionel Messi, Kilian Mbappe, Robert Levandovski, Neymar və ya Kriştiano Ronaldo kimi superbombardirlərin adları göstərilirdi. Amma bir oyunda 3 qol vurmaq Qonsalo Ramuşa nəsib oldu!
Ümidi artıqlamasıyla doğrultdu
Fernando Santuş dekabrın 6-da keçirilən İsveçrəyə qarşı oyunda ona start heyətində ilk dəfə şans verdi. Zarafat deyil, Ronaldonun daimi yerini tutmuşdu. Uzaqgörən mütəxəsisin bildiyi varmış. 6:1 hesablı qələbədə ən böyük pay sahibi məhz Ramuş oldu: meydanda olduğu 74 dəqiqədə 3 qol vurdu və 4-cü qol epizodunda Rafael Gerreyroya məhsuldar ötürmə də verdi. 21 yaşlı hücumçu baş məşqçinin ümidini artıqlamasıyla doğrultdu!
Gənc futbolçu matçdan sonra çaşqınlıq içində idi:
“Nə deyəcəyimi bilmirəm. Milli komandanın start heyətində oynadığım ilk oyunda 3 qol vurmaq... Buna inanmağım gəlmir. Bir də ilk dəqiqələrdən meydana çıxacağımı deyə bilmərəm” .
Əlbəttə, jurnalistlər ona Ronaldo ilə bağlı sual ünvanlamaya bilməzdilər:
“Kriştianonun mənimlə ünsiyyəti başqa oyunçularla olduğu kimidi. O, bizim kapitanımızdı və həmişə kömək etməyə hazır olur”.
Maraqlıdı ki, Qonsalo dünya çempionatının pley-offuna qədər meydanda yalnız 10 dəqiqə görünmüşdü: Qana ilə matçda 2, Uruqvayla oyunda 8 dəqiqə şans qazanan hücumçu Koreyaya qarşı görüşü əvvəldən axıra qədər ehtiyat oyunçular skamyasında keçirmişdi. Görünür, Santuş gizli silahını turnirin həlledici matçları üçün qoruyurmuş!
Bilin ki, Ramuş əfsanəvi Eysebiodan sonra mundialın pley-off oyununda birdən artıq qol vuran ilk portuqaliyalıdı.
Yeniyetməlik dövründən parlayan futbolçu
O kimdi? DÇ-2022-nin kəşfi adına iddia edən Qonsalonu yaxından tanıyaq.
* Ramuş “Benfika”nın mərkəz hücumçusudu. Boyu 185 santimetr, çəkisi 81 kiloqramdı. 2001-ci il iyunun 20-də Portuqaliyanın cənubundakı Olyan şəhərində doğulub.
* “Farense”nin sabiq oyunçusu Manuel Ramuşun oğludu. Atası 2000-ci illərin ortalarında çox da güclü olmayan komandalarda vinger mövqeyində çıxış edib. Qonsalo atasının oyununu görmədiyini etiraf edir: “Amma mənə futbola sevgi hissini məhz o aşılayıb”.
* 13 yaşında “Benfika”nın akademiyasında futbolun sirlərini öyrənməyə başlayıb və qısa zamanda parlayıb. Lissabon klubu 2018/19 mövsümündə UEFA-nın yeniyetmələr liqasında (Çempionlar Liqasının 18 yaşadək oyunçular üçün analoqu) finala qədər irəliləyib. Ramuş turnirin ən yaxşı bombardiri olub. Qrup mərhələsində “Zenit”in qapısına yol tapıb, sonra isə pley-offda 3 dəfə dubl edib. Onun iki qolu “Real”la finalda komandasına çempionluq qazandırmayıb – 2:3.
* Qonsalo Portuqaliyanın müxtəlif yaş kateqoriyasına daxil olan komandalarında da özünü göstərə bilib. U-19 yığması 2019-cu ildə keçirilən qitə çempionatının finalında oynayıb. Yeniyetmə hücumçu bu turnirdə 3 oyunda vurduğu 4 qolla ən yaxşı bombardir olub. İki ildən sonra Portuqaliyanın U-21 komandası da finalda çıxış edib. Ramuş ölkənin gənclərdən ibarət yığmasının əsas oyunçusu olmadığı üçün meydana yalnız sonradan çıxmaq imkanı qazanıb. Buna baxmayaraq, İtaliya ilə 1/4 finalda vacib qol vurmaqla diqqət mərkəzinə düşüb.
* 2019/20 mövsümündən “Benfika”nın əsas komandasına cəlb olunub. Ümumiyyətlə, həmin mövsüm klubun 4 müxtəlif komandasının formasında qapıya yol tapıb: lissabonluların yeniyetmə, U-23, əvəzedicilər və əsas komandasında qol sevinci yaşayıb. Əsas komandadakı debütü daha effektli alınıb: “Benfika”nın “Aveş”lə səfər oyununun sonunda meydana çıxaraq 5 dəqiqəyə dubl edib!
* Əlbəttə, məşçilər onun imkanlarına yaxşı bələd idilər. Amma Qonsalo yalnız bu il əsas heyətdə oynamaq şansı qazandı. Yazda Çempionlar Liqasının səfər oyununda “Liverpul”un qapısına yol tapdı. İngiltərə klubunu çalışdıran Yürgen Klopp yayda uruqvaylı bombardir Darvin Nunyesi komandasına gətirdi (alman mütəxəssis bəlkə də indi Ramuşu da transfer etmədiyi üçün peşmandı).
Rəhbərlik Nunyes satılandan sonra onun yerinə yeni hücumçu almamaq qərarına gəldi və Qonsaloya etimad göstərildi. O, artıq lissabonluların əsas qol silahı sayılır. Ölkə çempionatının cari mövsümündə meydana çıxdığı 11 oyunda 9 qol vuran gənc forvard həm komandanın, həm də çempionatın bombardiridi. ÇL-in təsnifat mərhələsində 4, qrupunda isə 1 qolun müəllifi olan Ramuş bütün turnirlərdə 6 məhsuldar ötürmə də verib. Arxada isə yalnız mövsümün yarısı qalıb!
Əsas yığmada da qolla debüt edib!
Santuş son uğurlarına görə ona biganə qala bilməzdi. Təcrübəli mütəxəssis ona mundial ərəfəsində dəvət göndərdi. Və Ramuş Nigeriya ilə noyabrın 17-də keçirilən yoldaşlıq matçında (4:0) özünü əla göstərdi: meydana 67-ci dəqiqədə çıxan hücumçu qələbədə bir qol və məhsuldar ötürmə ilə pay sahibi oldu.
İsveçrə ilə oyun Qonsalo üçün beynəlxalq səviyyədə start heyətində şans qazandığı ilk matç idi. Yeri gəlmişkən, baş məşqçi nigeriyalılara qarşı görüşdə “Benfika”nın daha bir oyunçusuna – 19 yaşlı müdafiəçi Antonio Silvaya da debüt imkanı yaratmışdı. Santuşun onlarla bağlı fikirləri belə səslənir:
“Bu futbolçular mənim onlardan gözlədiyim oyunu sərgiləyirlər. Biri qol vurur, o biri isə rəqibin qol vurmasına mane olur. Hər ikisi işini əla görür”.
Bunu da bildirək. Ramuşu çox vaxt həmyerlisi Ronaldo ilə yox, Tomas Müllerlə müqayisə edirlər. Ona görə ki, rəqibin arxa xəttində boşluqları ideal şəkildə tapır. Və yalnız hücumları başa vurmur, oyundaşlarına da ötürmə verir.
O, aldadıcı hərəkətlər etmək və pressinqə əl atmaq bacarığıyla da seçilir. Qonsalodakı sonuncu komponentin inkişafında “Benfika”nın alman çalışdırıcısı Rocer Şmidtin zəhməti var. Qəhrəmanımız özünü heç də mərkəz hücumçusu saymır:
“Hə, kifayət qədər qol vururam. Amma repertuarım yalnız bundan ibarət deyil. Mən özümü həmişə hücumçu kimi aparmıram”.
Qonsalo Portuqaliya çempionatında çıxış edən oyunçular arasında bir sıra komponentlərə görə öncül mövqelərdədi: rəqibin cərimə meydançasında topun qəbulu, aldadıcı hərəkətlə ötüb keçmək, pressinq etmək və gözlənilən qolu vurmaq planında nümunədi.
Qiyməti 100 milyon avrodu!Gənc futbolçu bu yay İngiltərədə peyda ola bilərdi. “Vulverhempton”, “Everton”, “Nyukasl”, “Sauthempton” ona görə lissabonluların qapısını döymüşdü. Lakin “Benfika” 25 milyon avroluq təklifi qəbul etməmişdi. Hərçənd danışıqlar prosesini məşhur portuqaliyalı agent Jorje Mendeş aparmışdı. Payızda onunla “Mançester Yunayted”in maraqlanması haqda xəbər yayıldı. Maraqlıdı, Ramuş artıq bu klubla yollarını ayıran Ronaldonun yerini tuta bilər. Necə ki, artıq milli komandada tutub! Amma “Benfika” dünya çempionatından sonra müştərilərdən Qonsaloya görə 100 milyon avroluq satış qiymətinin hamısını cəsarətlə tələb edə bilər!