Dünya çempionatının C qrupunun 3-cü turunda Argentina Polşanı 2:0 hesabı ilə məğlub etdi.
Matçın 35-ci dəqiqəsində avropalıların qolkiperi Voytsex Şçensnı Lionel Messinin üzünə toxunduğu üçün hakim Danni Makkeli penalti təyin etdi. Bu qərar bir çoxları üçün müəmmalı qaldı. Görəsən, həmin epizodda həqiqətən də penalti var idi? Ölkəmizdə də Danni Makkelinin qərarı sosial şəbəkələr müzakirə olundu. Niderlandlının haqlı olub-olmadığını Tahir Süleymanovdan soruşduq. FIFA referisi “Football-plus.az”a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
“Çempionat ilk turdan elə məcrada davam edir ki, qeyd olunan və haqlı mübahisələrə yol açan penalti qərarına bir epizod çərçivəsində baxılmamalıdı. Öncəki matçlarda da baş hakimlərlə VAR oxşar, şablon məqamlarda Messi və Ronaldonun komandalarının lehinə qərarlar qəbul ediblər. İki dahi futbolçunun son mündialıdı və onların tək öz ölkələrində deyil, bütün dünyada yüz milyonlarla izləyiciləri var. Onların çempionatı erkən, başıaşağı tərk etməsini heç kim istəmir. Bu, mundiala marağı, baxımlılığı da azalda bilər. Ədalət prinsipindən uzaq olsa da, hiss olunur FİFA-nın yanaşması, tövsiyyəsi belədi. Sadəcə, baş hakimlər və VAR bundan aşırı dərəcədə istifadə edir. Psixoloji olaraq rəqib komandalar, futbolçular da iki fitri istedada hörmət mənasında qeyd olunanları dərk edərək son dərəcə etiraz etmirlər. Böyük ölçüdə hər iki milli layiqli futbol sərgiləyir və bu tipli "sığorta"lara nə komandaların, nə Messi, Ronaldonun ehtiyacı yoxdu. Son matçda penaltinin vurulmamasından sonra Argentina layiqli qələbəsini qazandığı kimi... Qrup oyunlarından sonra belə "müdaxilələrin" olmaması daha məqsədəuyğun olar!”
İLKİN SULTANLI