Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

1.12.2022 13:56 370
DÇ 2026
Dünən dünya çempionatında C qrupuna yekun vuruldu.

Football-plus.az xəbər verir ki, Argentina Polşa üzərində qazandığı 2:0-lıq qələbə ilə qrupu lider tamamladı. Qrupun heç bir oyununda baxımlı futbol sərgiləməyən və dünənki matçda çox aciz və qorxaq görünən Polşa isə yalnız topların daha yaxşı fərqinə görə 2-ci pilləni tutaraq 1/8 finalda Fransa ilə oynamağa haqq qazandı. Polşalılar bu uğura görə ilk növbədə qapıçı Voytsex Şçensnıya minnətdar olmalıdı.

32 yaşlı təcrübəli əlcək sahibi hələ ki, bu turnirdə ən çox (18) seyv edən qapıçıdı! Argentina ilə oyunun 35-ci dəqiqəsində Şçensnı hətta Lionel Messinin penalti zərbəsini də dəf etməyə müvəffəq oldu. Amma göründüyü kimi onun bu qəhrəmanlığı məğlubiyyətə mane olmadı. Şçensnı oyundan sonra penalti zamanı Messi ilə aralarında yaşanan dialoq haqda danışıb:

''Hakim VAR-a baxmağa yollananda onun penalti təyin etməyəcəyinə o qədər əmin idim ki, Messi ilə 100 avrodan mərc etdim. Amma mərci uduzdum. Bəlkə də bunu dilə gətirməklə səhv edirəm. DÇ-də bu cür şeylərə icazə verilib-verilmədiyini bilmirəm. Bəlkə də məni cəzalandıracaqlar. Amma bu, artıq məni çox da narahat etmir. Leoya pulu ödəməyəcəm. Onun üçün də bunun prinsipial fərqi yoxdu. Ona görə də 100 avro elə mənə qayıtdı''.