İsraildə keçirilən şahmat üzrə dünya çempionatı millinin fiaskosu ilə bitdi.
Favoritlərdən olan komandanın mübarizəni 1/4 finalda dayandırmasının başqa izahı yoxdu. Özü də iddiasız İspaniya səddini keçmək mümkün olmadı.
"Football-plus.az" olaraq bununla bağlı mütəxəssis fikrinə ehtiyac duyduq. Sözü çox uzatmadan millinin sabiq üzvü, beynəlxalq qrossmeyster Azər Mirzəyevin dəyərləndirməsinə keçid alaq:
"İlk öncə qeyd etmək istərdim ki, komanda dünya cempionatı artıq uzun illərdi statusunu itirib. Futbol, basketbol və başqa idman növləri üzrə analoji yarış böyük çəkiyə malik olsa da, bu şahmatda ikincidərəcəli turnirə çevrilib. Heyətlərə nəzər salsaq, bu tasdiqini tapır. ABŞ və Çin 3-cü heyyətlə oynayırdı. Buna baxmayaraq, Çin qalib oldu. Polşa Dudasız, Fransa Firuzca və Bakrosuz, Özbəkistan Abdusattarovsuz, Hindistan Harikrişna, Eriqaisi və Qukeşsiz, Ispaniya isə Valyexosuz oynadı.
Fikrimcə, Azərbaycan da əsasən gənclərdən ibarət heyyətlə getməliydi. Bu addım həmin oyunçular üçün yaxşı fürsət olardı ki, sözlərini komanda səklində desinlər.
Ancaq bizim federasiya düşünür ki, xeyli zəif bir turnirdirsə, udmaq və ya medal qazanmaq ücün gözəl fürsətdi. Ki, sonra bu “uğur”la gözə kül üfürsünlər və ölkədə şahmatın rəzil vəziyyətiylə bağlı heç kim bunlara sual verməsin.
Növbəti il Avropa cempionatı olacaq. Millimiz bu turniri 3 dəfə fəth edib. Ona görə də yaxşi fürsətdi ki, gənclərdən ibarət komanda göndərsinlər. Amma federasiya az öncə dediyim səbəbə görə yenə də optimal heyət göndərəcək.
Millinin uğursuzluğuna mən əsasən 2 səbəb göstərə bilərəm. Oyunçuların (əsas heyət üzvlərinin) yaşa dolması və bu gün onları əvəz edəcək şahmatçıların olmaması. İkinci səbəb isə bir qədər şanssızlıqla bağlıdı
Komandanın uğursuzluğuna texniki tərəfdən baxdıqda isə mən yalniz İspaniyaya qarşı 2-ci matçın üzərində dayanmaq istərdim. Çünki ilk görüş 2:2 bitmişdi. Əsas bu oyun idi və nəticə xeyrimizə olsaydı, kim bilir, bəlkə də qalib bizim yiğma olacaqdı. Dünyada elə bir komanda yoxdu ki, millimiz ona qalib gələ bilməsin.
Birinci masada Səhriyarın hər iki oyunu heç-heça başa catdı. Təbii ki, Səhriyar rəqibindən xeyli üstündu. Ancaq həmişə qalib gəlmək olmur, xüsüsilə də yüksək səviyyədə. Bu dəfə də alınmadı.
İkinci masada Teymur təəssüf ki, rəqibinə 0,5:1,5 hesabıyla mağlub oldu. Şahmatsevərlər adətən onu çox heç-heçə etməkdə ittiham edir. Amma bu komanda yarışında hec də pis nəticə deyil. Son vaxtlar Teymur turnirlərdə çox az oynayır. Yəqin bunun da təsiri oldu.
Üçüncü masada Qədir 1,5:0,5 hesabıyla uzun illər elitada yer alan Aleksey Şirova qalib gələrək üzərinə düsən vəzifənin öhdəsindən gəldi. Bu nəticəylə komandanın qələbəyə yaxşi şansı yarana bilərdi. Amma 4-cu masada Rauf 2 fərqli rəqiblərlə oyunda yalnız 0,5 xal toplaya bildi. Görüşün
əvvəlində cox ağır vəziyyətə düşdü və bütün oyunu çətin müdafiədə keçirdi. Sonda az vaxtla heç-heçə şansı yaransa da, bundan istifadə edə bilmədi.
İki gənc şahmatçı isə, təəssüf ki, hərəsi yalnız 2 oyun keçirdi və demək olar, azarkeş qismində iştirak etdilər".
KƏNAN HƏSƏNOV