Belə görünür, bu cür nəhəng turnirin Qətərə verilməsində ən böyük əməyi olanların başında gələn Mişel Platini matçları televizordan izləməli olacaq. Çünki təşkilatçılar ona heç bir dəvət göndərməyiblər. Bunu UEFA-nın sabiq prezidenti özü ''Ekip'' nəşrinə açıqlamasında bildirib:
''Mənə heç kim heç bir dəvət göndərməyib. Düzdü, bəzi media qurumlarından dəvət almışam. Amma Qətərə yollanmaq niyyətim yoxdu''.
Xatırladaq ki, 2007-15-ci illərdə UEFA-nın prezidenti vəzifəsini icra etmiş Platininin sonradan rüşvət məsələsi üstündə nüfuzuna böyük xələl gəlmişdi. DÇ-2018 və DÇ-2022-nin ev sahibinin seçilməsi məsələsi ilə bağlı maxinasiyalarda günahlandırılan Platini bir ara həbs olunsa da, sonradan azadlığa buraxılmışdı. Bu yaxınlarda FİFA-nın sabiq prezidenti Yozef Blatter etiraf etmişdi ki, DÇ-2022 əslində ABŞ-da keçirilməli idi və Qətərin qalib gəlməsində məhz Platininin çox böyük rolu olmuşdu.
