İsveçrədə sabiq futbol funksionerlərinin məhkəmə prosesi davam edir.
Yozef Blatter ilə Mişel Platininin uzun illər əvvəlki maliyyə əməliyyatına görə 5 ilədək həbs cəzasına məhkum edilə biləcəyi ehtimal olunurdu. Lakin Bellintsona şəhər Federal Cinayət Məhkəməsinin son iclasında fərqli cəza variantı ortaya atılıb. İsveçrə Federal Prokurorluğu Blatter ilə Platini üçün 1 il 8 aylıq şərti həbs cəzası istəyib. Məhkəmə onların aqibətini iyulun 8-nə təyin olunan iclasında müəyyən edəcək.
Xatırladaq ki, İsveçrə Federal Prokurorluğu 2021-ci il noyabrın 2-də sabiq funksionerlərə qanunsuz əməliyyata görə ittiham irəli sürüb. Buna isə FİFA-nın sabiq prezidenti Blatterin UEFA-nın sabiq rəhbəri Platininin hesabına FİFA-nın xəzinəsindən 2 milyon İsveçrə frankı köçürməsi səbəb olub. Blatter 1998-2002-ci illərdə Platininin onun məsləhətçisi olduğunu iddia edir. Fransalı hər il 300 min frank mükafat alıb. Amma 2011-ci ilin fevralında Platiniyə daha böyük məbləğdə pul ödənilib. Federal Prokurorluq 2 milyon İsveçrə frankının Platiniyə əsassız şəkildə ödənildiyi qənaətinə gəlib. Başqa sözlə, sabiq prezidentlər qanunsuz əməliyyat həyata keçiriblər.