Nəhayət, bu günə qədər keçirilən sonuncu – 21-ci mundiala çatdıq.
Rusiyada baş tutan dünya çempionatı təşkilatçılıq planında ideal alındı. Təsadüfi deyil ki, FİFA-nın prezidenti Canni İnfantino, qurumun Şurası, tunirdə uyğun olaraq Belçika və Uruqvayın məşqçisi postlarını tutan Roberto Martineslə Oskar Tabares, həmçinin Lotar Matteus, Samuel Eto’O, Qari Nevill kimi keçmişin ulduzları DÇ-2018-i tarixin ən yaxşı mundialı adlandırdı. Mötəbər yarışdan əvvəl Rusiyanı tənqid atəşinə tutan Qari Lineker isə gördüklərindən sonra bu ölkə haqda yanlış düşündüyünü və fikrini tam dəyişdiyini etiraf etdi.
Fransa və Deşam: 20 ildən sonra
Final mərhələsində təkcə Uruqvay, Xorvatiya və Belçika qrupda maksimum nəticə göstərdi. Bukmekerlər A, B, C, E, G “kvartetlər”ində həm lider, həm də ikinci yeri tutacaq komandaları əvvəlcədən dəqiq proqnozlaşdırdı. Şübhəsiz, ən böyük sensasiya son çempion Almaniyanın pley-offa yüksələ bilməməsi oldu. Eyni zamanda Xorvatiya qrupda gözlənilmədən Argentinanı qabaqladı. 1/8 finalda İspaniya Rusiyaya uduzmaqla azarkeşlərini şoka saldı. Federasiyanın mundialın startından 1 gün əvvəl “Real”la danışıqlar apardığı üçün məşqçi Xulen Lopetegini Fernando Yerro ilə əvəzləməsi milliyə baha başa gəldi. 1/4 finalda Xorvatiyayla başabaş oynayan Rusiya az qala daha böyük sensasiyaya imza atacaqdı, ancaq penalti seriyasında uduzdu.
Finalda turnirdə hamıdan güclü görünən Fransayla pley-offun ardıcıl 2 matçında penalti seriyasında, daha bir oyunda isə əlavə vaxtda qalib gələn və ilk dəfə finala yüksələn Xorvatiya qarşılaşdı. “Üçrənglilər” həlledici görüşdə də gücünü sübut etdi. 65-ci dəqiqəyə qədər məsələni həll edən Deşamın komandası yalnız Mancukiçin fərqi azalmasına mane ola bilmədi. Fransa yığması və çalışdırıcısı 20 ildən sonra yenidən dünya çempionluğu sevincini yaşadı.
DÇ-2018 – Rusiya
Vaxt: 14 iyun – 15 iyul
Oyunların keçirildiyi şəhərlər: Kalininqrad, Kazan, Moskva, Nijni Novqorod, Rostov, Samara, Sankt-Peterburq, Saransk, Soçi, Volqoqrad, Yekaterinburq
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): Almaniya, Argentina, Avstraliya, Belçika, Braziliya, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İran, İslandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Kolumbiya, Koreya, Kosta Rika, Meksika, Mərakeş, Misir, Nigeriya, Polşa, Portuqaliya, Peru, Rusiya, Seneqal, Serbiya, Səudiyyə Ərəbistanı, Tunis, Uruqvay, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 169 (orta hesabla 2,64)
Poker: 0
Het-trik: 2
Penalti: 29 (22-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 219 (4)
Avtoqol: 12
Tamaşaçı sayı: 3031768 (orta hesabla 47371)
1-ci yer: Fransa
2-ci yer: Xorvatiya
3-cü yer: Belçika
4-cü yer: İngiltərə
Bombardir: Harri Keyn (İngiltərə) – 6
Turnirin rəmzi yığması
Qapıçı – Tibo Kurtua (Belçika); müdafiəçilər – Rafael Varan, Lukas Ernandes (hər ikisi Fransa), Kiran Trippyer (İngiltərə), Dieqo Qodin (Uruqvay); yarımmüdafiəçilər – N’Qolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Eden Azar (Belçika); hücumçular – Harri Keyn (İngiltərə), Kilian Mbappe (Fransa), Mario Mancukiç (Xorvatiya).
A qrupu: Rusiya – Səudiyyə Ərəbistanı 5:0, Misir – Uruqvay 0:1, Rusiya – Misir 3:1, Uruqvay – Səudiyyə Ərəbistanı 1:0, Uruqvay – Rusiya 3:0, Səudiyyə Ərəbistanı – Misir 2:1.
1. Uruqvay 3 3 0 0 5-0 9
2. Rusiya 3 2 0 1 8-4 6
3. Səudiyyə Ərəbistanı 3 1 0 2 2-7 3
4. Misir 3 0 0 3 2-6 0
B qrupu: Mərakeş – İran 0:1, Portuqaliya – İspaniya 3:3, Portuqaliya – Mərakeş 1:0, İran – İspaniya 0:1, İran – Portuqaliya 1:1, İspaniya – Mərakeş 2:2.
1. İspaniya 3 1 2 0 6-5 5
2. Portuqaliya 3 1 2 0 5-4 5
3. İran 3 1 1 1 2-2 4
4. Mərakeş 3 0 1 2 2-4 1
C qrupu: Fransa – Avstraliya 2:1, Peru – Danimarka 0:1, Danimarka – Avstraliya 1:1, Fransa – Peru 1:0, Danimarka – Fransa 0:0, Avstraliya – Peru 0:2.
1. Fransa 3 2 1 0 3-1 7
2. Danimarka 1 2 0 2-1 5
3. Peru 3 1 0 2 2-2 3
4. Avstraliya 3 0 1 2 2-5 1
D qrupu: Argentina – İslandiya 1:1, Xorvatiya – Nigeriya 2:0, Argentina – Xorvatiya 0:3, Nigeriya – İslandiya 2:0, Nigeriya – Argentina 1:2, İslandiya – Xorvatiya 1:2.
1. Xorvatiya 3 3 0 0 7-1 9
2. Argentina 3 1 1 1 3-5 4
3. Nigeriya 3 1 0 2 3-4 3
4. İslandiya 3 0 1 2 2-5 1
E qrupu: Kosta Rika – Serbiya 0:1, Braziliya – İsveçrə 1:1, Braziliya – Kosta Rika 2:0, Serbiya – İsveçrə 1:2, Serbiya – Braziliya 0:2, İsveçrə - Kosta Rika 2:2.
1. Braziliya 3 2 1 0 5-1 7
2. İsveçrə 3 1 2 0 5-4 5
3. Serbiya 3 1 0 2 2-4 3
4. Kosta Rika 3 0 1 2 2-5 1
F qrupu: Almaniya – Meksika 0:1, İsveç – Koreya 1:0, Koreya – Meksika 1:2, Almaniya – İsveç 2:1, Koreya – Almaniya 2:0, Meksika – İsveç 0:3.
1. İsveç 3 2 0 1 5-2 6
2. Meksika 3 2 0 1 3-4 6
3. Koreya 3 1 0 2 3-3 3
4. Almaniya 3 1 0 2 2-4 3
G qrupu: Belçika – Panama 3:0, Tunis – İngiltərə 1:2, Belçika – Tunis 5:2, İngiltərə - Panama 6:1, İngiltərə - Belçika 0:1, Panama – Tunis 1:2.
1. Belçika 3 3 0 0 9-2 9
2. İngiltərə 3 2 0 1 8-3 6
3. Tunis 3 1 0 2 5-8 3
4. Panama 3 0 0 3 2-11 0
H qrupu: Kolumbiya – Yaponiya 1:2, Polşa – Seneqal 1:2, Yaponiya – Seneqal 2:2, Polşa – Kolumbiya 0:3, Yaponiya – Polşa 0:1, Seneqal – Kolumbiya 0:1.
1. Kolumbiya 3 2 0 1 5-2 6
2. Yaponiya 3 1 1 1 4-4 4
3. Seneqal 3 1 1 1 4-4 4
4. Polşa 3 1 0 2 2-5 3
1/8 final
Fransa – Argentina 4:3
Qrizmann, 13-p. Pavar, 57. Mbappe, 64; 68 – Di Mariya, 41. Merkado, 48. Aquero, 90+3.
Uruqvay – Portuqaliya 2:1
Kavani, 7; 62 – Pepe, 55.
İspaniya – Rusiya 1:1, p. – 3:4
İqnaşeviç, 12-öz qapısına – Dzyuba, 41-p.
Xorvatiya – Danimarka 1:1, p. – 3:2
Mancukiç, 4 – M.Yorgensen, 1.
Braziliya – Meksika 2:0
Neymar, 51. Firmino, 88.
Belçika – Yaponiya 3:2
Vertongen, 69. Fellaini, 74. Şadli, 90+4 – Haraquçi, 48. İnuy, 52.
İsveç – İsveçrə 1:0
Forsberq, 66.
Kolumbiya – İngiltərə 1:1, p. – 3:4
Mina, 90+3 – Keyn, 57-p.
1/4 final
Uruqvay – Fransa 0:2
Varan, 40. Qrizmann, 61.
Braziliya – Belçika 1:2
Renato Auqusto, 76 – Fernandinyo, 13-öz qapısına. De Bruyne, 31.
İsveç – İngiltərə 0:2
Maquayr, 30. Alli, 59.
Rusiya – Xorvatiya 2:2, p. – 3:4
Çerışev, 31. Fernandes, 115 – Kramariç, 39. Vida, 101.
yarımfinal
Fransa – Belçika 1:0
Yumtiti, 51.
Xorvatiya – İngiltərə 2:1, əlavə vaxtda
Perişiç, 68. Mancukiç, 109 – Trippyer, 5.
3-cü yer uğrunda oyun
Belçika – İngiltərə 2:0
Menye, 4. E.Azar, 82.
final
Fransa – Xorvatiya 4:2 (2:1)
Fransa: Lyoris, Pavar, Varan, Yumtiti, Lukas Ernandes, Kante (N’Zonzi, 55), Poqba, Matyuidi (Tolisso, 73), Qrizmann, Mbappe, Jiru (Fekir, 81).
Xorvatiya: Subaşiç, Vrsalko, Lovren, Vida, Striniç (Pyatsa, 81), Brozoviç, Rakitiç, Modriç, Perişiç, Rebiç (Kramariç, 71), Mancukiç.
Qollar: Mancukiç, 18-öz qapısına (1:0). Perişiç, 28 (1:1). Qrizmann, 38-p. (2:1). Poqba, 59 (3:1). Mbappe, 65 (4:1). Mancukiç, 69 (4:2).
Vərəqələr: Kante, 27. Lukas Ernandes, 41. Vrsalko, 90+2 – sarı.
Hakim: Nestor Pitana (Argentina).
15 iyul. Moskva. “Lujniki” stadionu. 78011 tamaşaçı.
Bilirsizmi?
DÇ-2014-də finalın əlavə vaxtında uduzan Argentina millisinə Rusiyada ümidlər böyük idi. “Albiselesta” bukmeker kontorlarında turnirin qalibi adına ən real namizədlərdən biri göstərilirdi. Halbuki cənubi amerikalılar seçmə mərhələni pis keçirdi və yalnız son turda Messinin Ekvadorla matçda het-triki sayəsində mundiala birbaşa vəsiqə qazandı. Bukmekerlərin bu komandaya inamının səbəbi həm əksər top-yığmaların da DÇ-2018-dən əvvəl yaxşı günlərini yaşamaması, həm də Argentinanın güclü, sırf hücum xəttində isə möhtəşəm futbolçulara sahib olması idi.
Ancaq “albiselesta” böyük uğursuzluq yaşadı. İlk turda İslandiyaya qarşı heç-heçə onsuz da narazılığın artmasına səbəb oldu, Xorvatiya ilə görüşdə alınan darmadağın isə təkcə azarkeşlərin yox, həm də oyunçuların səbr kasasını daşırdı. Bu, millinin 60 ildən sonra mundialın ilk qrup mərhələsində ən böyükhesablı məğlubiyyəti oldu! Argentinanın DÇ-58-də “kvartet”də Çexoslovakiyaya 1:6 hesabıyla uduzmasını xatırladaq.
Yığmaya yaxın olan və ordan insaydları çatdıran argentinalı jurnalist Ariel Senosyan “Mundial əhvalatları” adlı kitabında Xorvatiyayla matçdan sonra komanda daxilində yaranan mübahisə haqda ətraflı yazdı. Xorxe Sampaoli ilə köməkçilərini əhatəyə alan futbolçular narazılığını bildirməyə başladı. “Siz həyəcanlı olanda və nə edəcəyinizi bilməyəndə, biz də bunu hiss edirik. Futbolçular məşqçiyə inanmırlarsa, kollektiv təşkilatlanmadan söhbət gedə bilməz. Bizə verdiyiniz tapşırıqları başa düşmürük. Artıq sizə güvənmirik və öz fikirlərimizi bildirmək istəyirik”, - deyə oyunçular söylədi. Çalışdırıcının “nə haqda” sualına isə onların cavabı belə oldu: “Hər mövzuda”. Sampaoli təəccüblə “deməli, heyəti müəyyənləşdirmək, məşqlər keçmək, bir sözlə, hər şeyi özünüz etmək istəyirsiz?”, - deyə soruşdu. Bu an əsəbi halda irəli çıxan kapitan Messi ona bunu dedi: “Məndən artıq 10 dəfə hansı futbolçuları ilk “11-lik”də, hansıları isə ehtiyatda görmək istədiyimi soruşmusuz. Heç vaxt bircə ad çəkməmişəm. Hamının yanında söyləyin: heyətlə bağlı qarşınızda hansısa tələblər qoymuşam?”
Lionelin bu sözlərindən sonra buna qədər olanları kənardan izləyən Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapya Sampaoliyə “təslim olmalı və onların fikirlərini nəzərə almalısız” söylədi. Mundialın ardından məşqçiylə yollar ayrıldı.
Maraqlıdı...
* H qrupunda yekun turnir cədvəli çox maraqlı alındı. Belə ki, Yaponiya və Seneqalın hər biri 4 xal topladı, 4 qol vurdu və qapısında 4 top gördü. Üstəlik bu komandalar arasındakı oyun da 2:2 hesabıyla bitdi. Nəticədə pley-offun iştirkaçısının adına “feyr-pley” qaydasıyla aydınlıq gəlməliydi. Yaponlar qrup mərhələsində 4, seneqallılar isə 6 sarı vərəqə aldığına görə, asiyalılar 1/8 finala yüksəldi. Bu, mundiallar tarixində ilk belə hal oldu! Ümumiyyətlə, FİFA-nın yalnız 2016-cı ildə qaydalarda dəyişiklik etdiyini xatırladaq. Əvvəlki reqlamentə əsasən, belə vəziyyət yaranarsa, yoluna davam edəcək komandanı püşk müəyyənləşdirməliydi.
Faktlar
* Avropa təmsilçiləri 8-ci dəfə (1934, 1954, 1966, 1974, 1982, 2006, 2010) bütün mükafatlara sahib çıxdı. Eyni zamanda yarımfinallarda 5-ci dəfə (1934, 1966, 1982, 2006) yalnız “köhnə qitə”nin komandaları mübarizə apardı.
* Avropada keçirilən ardıcıl 7-ci (1966, 1974, 1982, 1990, 1998, 2006) mundialda qalib bu qitənin millisi oldu. Ümumilikdə “köhnə qitə”də təşkil olunan 11 dünya birinciliyində bu statistikanı təkcə 1958-ci ildə İsveçdəki turnirdə Braziliya pozmuşdu.
* İlk dəfə mundialda VAR sistemindən istifadə olundu.
* Ardıcıl 3-cü mundialda son dünya çempionu mübarizəni qrupda dayandırdı. Ümumilikdə Almaniyadan əvvəl İtaliya (1950 və 2010), Braziliya (1966), Fransa (2002) və İspaniya (2014) bu aqibətlə üzləşmişdi.
* Rusiyada dünya çempionatları tarixində rekord sayda – 12 avtoqol qeydə alındı. Başqa sözlə, turnirdə vurulan ümumi qolların 7,1 faizi! DÇ-2018-dən əvvəlki 3 mundialda azarkeşlər 11 avtoqola şahidlik etmişdi.
* 36 ildən sonra Afrika təmsilçilərindən heç biri qrupdan çıxa bilmədi.
* Mərakeşli hücumçu Əziz Buhadduz İranla oyunda dünya birinciliklərində əsas vaxtda vurulan ən gec (95-ci dəqiqə), Mario Mancukiç isə mundialların finallarında qeydə alınan yeganə avtoqolun müəllifi kimi tarixə düşdü.
* Kriştiano Ronaldo 4-cü (2006, 2010, 2014) dünya çempionatında qol vuran 4-cü futbolçu oldu. Portuqaliyalıya qədər bunu yalnız Pele (1958, 1962, 1966, 1970), Uve Zeeler (1958, 1962, 1966, 1970) və Miroslav Kloze (2002, 2006, 2010, 2014) bacarmışdı. Ronaldo həmçinin İspaniyayla oyunda 3 dəfə toru silkələməklə mundiallarda het-trik edən ən yaşlı futbolçu oldu – 33 yaş 130 günlüyündə.
* Misirli qapıçı Essam Əl-Hadari formal xarakter daşıyan Səudiyyə Ərəbistanı ilə oyunda 45 yaş 161 günlüyündə dünya çempionatlarında meydana çıxan ən yaşlı futbolçu kimi adını tarixə yazdırdı. O, Fərid Mondraqonun DÇ-2014-dəki rekordunu (43 yaş 3 gün) yenilədi.
* 39 yaşlı Rafael Markes 5 dünya çempionatında (2002, 2006, 2010, 2014) kapitan sarğısını qoluna taxan ilk futbolçu oldu.
* İslandiya mundiallar iştirakçıları arasında əhalisinin sayına (330 min nəfər) görə ən kiçik dövlət kimi tarixə düşdü.
Çempion məşqçi
Didye Deşam – 2012-ci ilin yayında millinin məşqçisi təyin olundu. “Üçrənglilər” onun başçılığı altında getdikcə yüksələn qrafik cızmağa başladı. Əvvəlcə Braziliyadakı mundialın 1/4 finalında gələcək çempion Almaniyaya məğlub olan Fransa evsahibliyi etdiyi AÇ-2016-nın finalının əlavə vaxtında uduzdu. Komanda get-gedə “artırdığı” üçün federasiya mütəxəssisi postunda saxladı. Qurum bunun bəhrəsini Rusiyada gördü. Deşam isə Mario Zaqallo (1958-ci və 1962-ci illərdə futbolçu, 1970-ci ildə məşqçi kimi) və Frants Bekkenbauerdən (1974-cü ildə futbolçu, 1990-cı ildə məşqçi kimi) sonra həm oyunçu, həm də çalışdırıcı kimi dünya çempionu olan 3-cü futbol adamı kimi tarixə düşdü. Fransalının DÇ-98-də “üçrənglilər”in kapitanı qismində kuboku başı üzərinə qaldırdığını xatırladaq.
DÇ-nin ulduzu
Luka Modriç – 2018-ci il xorvatiyalı üçün fantastik alındı. Yarımmüdafiəçinin orta xətdə gördüyü iş “Real”ın Çempionlar Liqasının qalibi, millinin isə mundialın finalçısı olmasında böyük rol oynadı. Modriç həm DÇ-2018-də meydanda ən çox dəqiqə (691) keçirən futbolçu, həm də turnirdə qət etdiyi məsafə baxımından 3-cü (72,3 km) oldu.