“Belə bir şey etsəydim, məni futzaldan silərdilər”

13.11.2022 12:30 478
Ölkə futbolu / Manşet
"Neftçi” İK-in oyunçusu Namiq Məmmədkərimov AFFA-nın İntizam Komitəsi tərəfindən ağır cəzalandırılıb.

Qərarda bildirilir ki, futzalçı yüksək liqanın 5-ci turunun “Neftçi” İK - “Rekord club” matçında ikinci “sarı”dan sonra qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlərə qarşı təhqiramiz ifadələr işlədib və onlara fiziki təsir göstərib. Bu səbəbdən ona 10 oyunluq cəza verilib.

Görəsən, Namiq Məmmədkərimov bu qərarla razıdı? Ümumiyyətlə, onun həmin an xoşagəlməz hərəkətlərə yol verməsinə nə səbəb olub? Bu suallarla futzalçıya müraciət etdik:
“İntizam Komitəsinin qərarlarından narazıyam. 10 oyun, təbii ki, çoxdu. Klub rəhbərliyindən apellyasiya şikayəti vermələrini xahiş edəcəm. Ad çəkmək istəmirəm, təhqir etmişəm. Lakin təsir göstərməmişəm. Belə bir şey etsəydim, məni futzaldan silərdilər. Təhqir etməyim isə lüzumsuz sarı vərəqələrlə bağlıdı. Məni özümdən çıxardı. Mən də əsəbiləşdim və özümü cilovlaya bilmədim. Təbii ki, yaxşı hal deyil. Amma bir daha deyirəm ki, qərardan narazıyam".


ŞAİR ABDULLA