Balotelli indi də İsveçrədə aləmi bir-birinə qatdı!

8.11.2022 23:10 293
Dünya futbolu
Dünya futbolunun ''şıltaq cocuğu'' Mario Balotelli İsveçrədə də qalmaqala səbəb olub.

Bilindiyi kimi ötən mövsüm ''Adana Dəmirspor''da sərgilədiyi uğurlu performansla adından söz etdirən təcrübəli italiyalı forvard bu yay sürpriz bir qərar verərək İsveçrə təmsilçisi ''Syon''a transfer olundu. Yeni klubunda keçirdiyi 10 rəsmi oyunda 5 qol vuran 32 yaşlı futbolçu bazar günü 15-ci tur çərçivəsində keçirilən və qolsuz başa çatan ''Bazel'' ilə səfər oyununda əsil hoqqa verdi! O, bir epizodda zədələnərək kənara gəldi və bu zaman yerli fanatların etirazı ilə üzləşdi. Həmişə çılğın xarakteri ilə tanınan Balotelli etirazlara dözməyərək ''Bazel'' fanatlarına orta barmağını göstərdi.

Maraqlıdı ki, onun hərəkətini hakimlər də, VAR da görmədi və futbolçuya vərəqə göstərilmədi. Bir müddət sonra oyuna davam edə bilməyən Balotelli bununla kifayətlənmədi. O, əvəzləndikdən sonra əli ilə cinsi orqanına işarə edərək yerli azarkeşlərə qarşı böyük bir hörmətsizliyə yol verdi. Onun bu tərbiyəsizliyi yerli federasiyanı hərəkətə keçirdi. İntizam Komitəsinə sövq edilən futbolçuya daha öncə də bənzər hərəkətə yol verdiyi üçün 2-5 oyunluq cəza veriləcəyi gözlənilir. Cəza təhlükəsi ilə üz-üzə qalan Balotelli özünü təmizə çıxarmaq qərarına gələrək ''instaqram''da yerli federasiyanı sərt şəkildə tənqid edib:
''Bu federasiyanın necə bir mafiyaya bulaşdığını bilmirəm. Amma mənim kimi oyunçular ədalətsizliyin olduğu və normal idarə olunmayan bu çempionatda oynamaq istəmir. Futbol bir işdi və hakimlər də daxil olmaqla hər kəs bu işə ciddi yanaşmalıdı. Burda hansı qanunların olduğu mənə maraqlı deyil. Amma dəyişməlisiz və dəyişmək məcburiyyətindəsiz. Bütün dünya bu liqada necə utancverici şeylərin yaşandığını görməlidi. Mən bir səhv etdim və bunun cəzasını çəkəcəm. Eyni şəkildə federasiya və ya hakimlər də səhvə yol verəndə bunun cəzasını çəkməlidilər''.
Yayılan şaiyələrə inansaq, Balotelli İsveçrədə qətiyyən xoşbəxt deyil və hətta yenidən ''Adana Dəmirspor''a qayıtmaq barədə ciddi düşünür.