Xəbər verdiyimiz kimi, noyabrın 13-20-si aralığında Turində ATP-nin illik yekun turniri keçiriləcək.
İspaniyalı əfsanə Rafael Nadal həmin turnirlə bağlı gözləntilərini bölüşüb:
“Özümü normal hiss etsəm, çıxış edəcəm. Turinə həmişəkindən bir qədər tez yollanacam, məşqə çıxacam. Özümə yekun turnirindən ləzzət almaq imkanı yaratmaq istəyirəm. Mənim kimi yaşlı tennisçilər heç vaxt hansı turnirin karyerasında sonuncu olacağını bilmir. Odu ki, indi ləzzət almaq lazımdı. Əlbəttə, növbəti illərdə də yekun turnirinə qatılmağa can atacam. İndiyə qədər heç vaxt qazanmadığım turnirə indi yetərincə yaxşı formada qatılacağımı təsəvvür etmək mənim üçün çətindi. Mənə qalan odu ki, Turinə erkən yollanım, yaxşı məşq edim, sonra da kortda can qoyum. Ümid edirəm ki, oyun səviyyəm artacaq, orqanizmim isə bu yükə dözəcək”.
Xatırladaq ki, yekun turnirinə 8 tennisçi qatılacaq. Bunlar ispanlar Karlos Alkarasla Rafael Nadal, yunan Stefanos Sisipas, norveçli Kasper Ruud, rusiyalılar Daniil Medvedevlə Andrey Rublev, kanadalı Feliks Oje-Alyassim və serb Novak Cokoviçdi.