MHL-də çərşənbə axşamı keçirilən oyunlar Aleksandr Oveçkin və Maqnus Hellberq üçün əlamətdar oldu.
Football-plus.az xəbər verir ki, “Vaşinqton”un rusiyalı hücumçusu komandasının “Nyu-Cersi”yə qalib gəldiyi oyunda hesabı 4:1 edən qolu vurdu. MHL-də 122-ci qələbə qolunu vuran 37 yaşlı ulduz bu göstəricidə Qordi Hounu arxada qoymaqla 2-ci yerə yüksəldi. İndi o yalnız çexiyalı Yaromir Yaqrdan (135) geri qalır.
“Ottava”nın qolkiperi Maqnus Hellberq isə komandasının “Dallas”la oyunda qələbə hesabını (4:2) qorumasına yardım etdi. 31 yaşlı isveşli MHL tarixinə üç fərqli klubun heyətində ilk oyunda qələbə qazanan birinci qapıçı kimi düşdü. Bu o deməkdi ki, Hellberq 2015-17 aralığında şərəfini qoruduğu “Reyncers”in heyətində keçirdiyi ilk oyunda qələbəyə sevinib. 2021/22 mövsümündə “Detroyt”un heyətində keçirdiyi debüt oyununda da nəticə eyni olub. Bu dəfə isə “Ottava”nın heyətində debüt oyununa çıxdı və yenə də qələbə qazandı. Hellberq MHL-də keçirdiyi 6 oyunun üçündə qələbəyə sevinib.
Dünənki “San-Xose” – “Veqas” oyununda da çox maraqlı rekord qeydə alındı. “Veqas”ın forvardı Fil Kessel müntəzəm çempionatda ardıcıl 990-cı oyuna çıxmaqla MHL-in yeni rekordunu müəyyənləşdirdi. O, 2009-cu il noyabrın 3-dən bəri heç bir oyunu buraxmayıb. 35 yaşlı Kessel “Filadelfiya”nın müdafiəçisi Kit Yendla məxsus rekordu (2009-un martından 2022-nin martına qədər ardıcıl 989 oyuna çıxmışdı) yenilədi.