Son turlarda qeydə alınan uğursuz nəticələr “Qəbələ”də bəzi problemlərə yol açıb.
Bununla bağlı komandanın azarkeş qrupu “Red Black Army”ın qurucularının sosial şəbəkədəki paylaşımları diqqətimizi cəlb etdi. Konkret Cavad Şərifli nəticələrin ürəkaçan olmamasına baxmayaraq, həmişə komandanın yanında olduqlarını bildirib:
“Azarkeş olaraq son nəticələrdən razı deyilik. Amma biz bu “qara zolaq”dan bir yerdə çıxacağıq! Biz sənə inanırıq, “Qəbələ”! Səfası da bizimdi, cəfası da. Komandada can qoymayan oyunçular, növbəti statusun sizə yazılmaması üçün çalışın”
Paylaşımdan göründüyü kimi, azarkeşlər bəzi futbolçulardan narazıdı. Fanklubun qurucularından biri olan Nəriman Təbriz isə şərh bölümündə adını çəkmədiyi 4-5 futbolçudan şikayət edərək belə yazıb:
“Birlik və bərabərliymiz, komandada ab-hava pozulmasın deyə susuruq. Ancaq onlar özlərini düzəltməsələr, tədbir görəcəyik! Yaxşı gündə dəstək olduğmuz kimi, pis gündə də komandamızın yanındayıq! Ancaq hər şeyin bir limiti olduğunu da unutmaq olmaz”.Maraqlıdı, azarkeşlər konkret hansı futbolçulardan narazılıq edirlər? Sualımızı Nəriman Təbrizə ünvanladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Xüsusi bir şey yoxdu. Komanda ümumilikdə yaxşı oynayır. Amma bir neçə futbolçu var ki, geri qalır. Vaxtı gələndə onların da adı açıqlanacaq. Qarşıda çətin oyunlarımız var. Hazırkı vəziyyətdə komandanın motivasiyasının pozulmasını istəmirik”.
ŞAİR ABDULLA