İtaliyada və Fransada növbəti istefalar

13.10.2022 18:35 383
Dünya futbolu
“Verona”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib. Qabriele Çoffi uğursuz nəticələrə görə istefaya göndərilib.

Football-plus.az xəbər verir ki, A seriyasında ardıcıl 4-cü məğlubiyyət rəhbərliyi onunla yolları ayırmağa vadar edib. Komandanı iyunda qəbul edən Çoffinin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. “Verona” İtaliya çempionatında 9 oyuna 5 xalla 20 iştirakçı sırasında 18-ci yeri tutur. Son xəbərlərdə 47 yaşlı Çoffinin yerini Salvatore Bokkettinin tuta biləcəyi qeyd edilir.

Fransanın yüksək liqasında da növbəti istefa rəsmiləşib. “Brest”in baş məşqçisi Mişel Ter-Zakaryan köməkçiləri ilə birlikdə işdən azad edilib. Bu qərara da uğursuz nəticələr səbəb olub. Belə ki, komanda hazırda Liqa 1-də 10 oyundan sonra 6 xalla sonuncu - 20-ci yerdədi.