İnsayder Mark Steynin xəbərinə inansaq, “Finiks” Milli Basketbol Assosiasiyasının tarixində rekord qiymətə satıla bilər. Bu komandanın qiymətinin 4 milyard dollara çatması tam realdı.
Bildiyiniz kimi, MBA-nın müvafiq komissiyasının apardığı araşdırmada “Finiks”in sahibi Robert Sarverin iş yerində arzuolunmaz davranışa yol verdiyi üzə çıxandan sonra o, özünə məxsus olan səhmlər paketini satışa çıxarıb.
“Finiks”i almaq niyyətində olan iş adamları çoxdu. Konkret “Amazon”un yaradıcısı və sabiq baş direktoru Ceff Bezosun, “Disney”in sabiq baş direktoru Bob Aygerin, “Oracle”ın həmtəsisçisi Lerri Ellisonun, həmçinin “Vaşinqton”un həmsahibi Loren Pauell Cobsun (“Apple”in həmtəsisçisi və sabiq baş direktoru Stiv Cobsun dul xanımı) adı çəkilir. MBA klublarının alışı ilə bağlı son rekord Cozef Saya məxsusdu – o, “Bruklin”ə görə 3,5 milyard dollarından keçib.