Yeni mövsümdən 1-ci divizionda çıxış edən “Araz Naxçıvan” ilk 4 turda qazandığı qələbələrlə turnir cədvəlinin vahid lideridi.
Naxçıvan təmsilçisi çempionatın aşkar favoriti sayılır. 4 oyuna 15 qol vurub, 2 top buraxan komandanın maksimum nəticə göstərməsi buna işarədi. Bütün bunları nəzərə alıb, “Araz Naxçıvan”ın təcrübəli futbolçusu Vadim Abdullayevlə söhbətləşdik.
- Komanda birinci diviziona yeni qatıldı. 4 oyundan sonra isə 12 xalla vahid lidersiz. Müsbət nəticə komandadaxili ab-havaya necə təsir edir?
- Bəli, 4 oyunda qələbə qazandıq. Komandadakı vəziyyət də elə meydanda göründüyü kimidi. İstər meydanda, istərsə də meydandan kənarda hər şey yaxşıdı. Şükür Allaha, necə ki, nəticə yüksəkdi, klubdaxili durum da buna uyğundu. Hamının motivasiyası yüksəkdi.
- “Araz Naxçıvan” bu mövsüm 1-ci divizionun aşkar favoritidi. Əsas məqsədiniz nədi? Növbəti mövsüm elitada mübarizə aparacağınızı demək olar?
- Klubun planları bəllidi. Məqsəd gələn il premyer-liqada mübarizə aparmaqdı. Biz futbolçuların da vəzifəsi odu ki, nəticə üçün çalışaq. Lakin gələcəkdən çox hazırki vəziyyət bizi daha çox maraqlandırır. Çünki indi nəticələrimizi daha da yaxşılaşdırmasaq, gələcək barədə düşünə bilmərik. Planlarımızı gerçəkləşdirmək üçün maksimum çalışırıq. Bu mövsüm isə, əlbəttə ki, hədəfimiz çempionluqdu. Çünki komanda buna layiqdi.
- Demək olar, heç kim çempion olacağınıza şübhə etmir. Özünüzü növbəti mövsüm üçün premyer-liqaya hazır sayırsız?
- Bəli. “Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi. Özümüzü elitaya tam hazır hiss edirik.
- Komandanın ən təcrübəli futbolçularından birisən. Bu əlavə məsuliyyətdi, yoxsa…
- Belə bir fikir var ki, böyük böyüklük etməlidi. İstər meydanda, istərsə də meydandan kənarda. Məşqçilərdən sonra komandamızın gənc oyunçuları üzərində mən də məsuliyyət hiss edirəm.
- Birinci divizionda 4 tur arxada qalıb. Necə düşünürsən, hansı komanda çempionluq yolunda “Araz Naxçıvan”a başağrı ola bilər?
- Bu suala çox vaxt şablon cavab verilir. Lakin bölgə komandalarımız var ki, yetərincə yaxşı mübarizə aparırlar. Düzdü, 1-ci divizion komandalarının əksəriyyətində maliyyə, stadion problemi var. Buna baxmayaraq, bəzi oyunlarda hər şey ola bilər. Çünki bölgə təmsilçilərinin hər biri mübarizə aparan, təhlükəli klublardı.
- Komandada əcnəbi futbolçular da var. Onların oyun üslubuna, kollektivə uyğunlaşmasında problem yoxdu?
- Bizdə belə bir problem olmayıb. Komandada elə ab-hava, mehribanlıq var ki, kənardan gələnlər də qısa zamanda ailənin bir üzvünə çevrilir. Həm məşqçilər, həm də oyunçular arasında münasibət yüksək səviyyədədi. Mən heç premyer-liqada oynayanda bunu görməmişəm. Ona görə də, Allah nəsib edərsə, yüksək səviyyədə də davam edəcəyik.
ŞAİR ABDULLA