Azər Bağırov “Xan Lənkəran”a mesaj göndərdi

12.05.2022 20:57 953
Ölkə futbolu
Türkiyənin Ərzurum şəhərində hazırlıq keçən “Araz Naxçıvan” mayın 14-də Region Liqasının yarımfinalında “Xan Lənkəran”la qarşılaşacaq.

Sosial şəbəkələrdə “Araz Naxçıvan”ın Muxtar Respublikada özündən zəif klublar arasında birinci olması qabardırılır. Bu üzdən “Xan Lənkəran”ı aşkar favorit sayırlar. Komandanın 1-ci divizionda zəif çıxış edəcəyini iddia edənlər də var. Maraqlıdı, “Araz Naxçıvan”ın baş məşqçisinin buna münasibəti necədi? Azər Bağırovu dinləyək:

“Ərzurumdan qayıdandan sonra mayın 6-da məşqlərə yenidən start verdik. Şükür Allaha, zədəlilərimiz yoxdu. Bütün fikrimizi “Xan Lənkəran”la oyuna yönəltmişik. Bu gündən məşqləri Bakıda davam etdirəcəyik. Əlbəttə, bütün sosial rəylərə hörmətlə yanaşırıq. Amma açığı, bu haqda fikirləşməyə vaxtımız yoxdu. Çünki işimiz həddən artıq çoxdu. Bu gün də komandanı sırf “Xan Lənkəran”la oyuna kökləmişik. Bu matçdan başıyuxarı ayrılmaq istəyirik.
Əlbəttə, 1-ci diviziona hazırkı heyətlə qoşulmayacağıq. Artıq planlar üzərində işləməyə başlamışıq. Rəhbərlik tərəfindən lazımi addımlar atılır. İnşallah “Araz Naxçıvan”ı birinci divizionda tam fərqli simada görəcəksiz. Daha yaxşı komanda formalaşdırmaq istəyirik. Və bunu yaxın zamanda görəcəksiz”.


ŞAİR ABDULLA