Vidanın meneceri “Beşiktaş”ı məhkəməyə verdi

11.09.2022 19:54 373
Dünya futbolu
Klubdan bu yay ayrılan Domaqoy Vidadan ''ağ-qaralar''a şok xəbər gəlib.

Daha doğrusu, xorvatiyalı müdafiəçinin meneceri və Türkiyə üzrə təmsilçisi Uğur Avadan klubun ona 1,9 milyon avro borcunun olduğunu bildirərək, İstanbul nəhəngini məhkəməyə verib! Bununla bağlı xəbəri ''Qartal''ın rəsmi saytı paylaşıb. Xəbərdə qeyd olunub ki, məhkəmənin ilk iclası dekabrın 12-də baş tutacaq və klubun haqları ən yüksək səviyyədə qorunacaq. Uğur Avadan daha öncə 2020-ci ildə də ''Beşiktaş''ın ona 1,5 milyon avro borcunun olduğunu iddia edərək klubu məhkəmə ilə hədələmişdi. Amma o vaxt Vida hələ klubda olduğundan menecer məhkəməyə müraciət etməmişdi. Xatırladaq ki, 33 yaşlı futbolçu bu yay ''ağ-qaralar''ı tərk edərək azad agent statusunda AEK-lə ikiillik müqavilə imzalayıb. 2018-də ''Beşiktaş''a gələn Vida 4 mövsüm ərzində 168 oyuna çıxaraq 16 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. İllik 3 milyon avro qazanan Vida ayrılarkən bunları demişdi:
''Maaşımı 2 milyon avroya qədər endirməyə razı oldum. Amma mənə 1,2 milyon avro təklif edərək sanki zorla ayrılmağımı istədilər. Buna baxmayaraq, heç kimdən incikliyim yoxdu və ''Beşiktaş''da gözəl illərim keçdi. Buranı unutmayacam. Daha çox qalmaq istəsəm də, alınmadı''.