Cari mövsümün startı ərəfəsində yenidən formalaşdırılan “Şamaxı” heyətinə bir neçə təcrübəli futbolçu da qatdı.
Onlardan biri də Elvin Məmmədovdu. O həm də komandanın kapitanıdı. Premyer-liqanın 3-cü turunda isə Məmmədov 350-ci oyununa çıxdı. Bununla da o, ölkə çempionatları tarixinə 350 və daha çox oyun keçirən 9-cu futbolçu kimi düşdü. Amma “Şamaxı” mövsümə heç də yaxşı başlamayıb. Komanda 4 turdan sonra 1 xalla autsayderlər sırasındadı. Dünən Məmmədovla “şirlər”in hazırkı durumu və bizi maraqlandıran başqa mövzular ətrafında söhbətləşdik.
- 4 turdan sonra ən pis nəticə göstərən komandalardan biri də “Şamaxı”dı. Komanda 1 xalla 9-cu pillədə qərarlaşıb. Düşərgədə ab-hava necədi?
- Vəziyyət yaxşıdı. Qeyd etdiyiniz kimi, 1 xal qazanmışıq. Lakin mövsüm hələ yeni başlayıb. İnanırıq ki, növbəti turlarda daha yaxşı çıxış edərək xallar qazanacağıq. Bildiyiniz kimi, heyət yenidən formalaşdı, ayyarımın komandasıdı. Buna baxmayaraq, gündən-günə inkişaf hiss olunur.
- Bir tovuzlu kimi “Turan Tovuz”un çıxışını necə dəyərləndirirsən?
- “Turan Tovuz” 4 oyundan sonra 4 xal qazanıb. Komanda xal qazanıbsa, deməli, yaxşı çıxış edir. Lakin bu barədə daha çox danışmaq istəməzdim. Çünki onlar hazırda bizim rəqibimizdi.
- Sənin də “Turan Tovuz”a keçidin gözlənilirdi. Hətta danışıqlar da başlamışdı. “Şamaxı”nı seçməyinə nə səbəb oldu?
- Düzdü, elə bir variant var idi. Sadəcə, Cavid müəllimin “Şamaxı”ya gəlməsi mənim üçün üstünlük oldu. Yəni Cavid Hüseynovun bu komandanın məşqçisi olması “Şamaxı”ya keçidimi şərtləndirdi. Həmin vaxt “Turan Tovuz”la da danışıqlar gedirdi, lakin “Şamaxı”dan gələn təklif daha real oldu.
- Bu ildən premyer-liqada 10 komanda mübarizə aparır. Çoxları “Turan Tovuz”la “Kəpəz”in çempionata rəng qatacağını gözləyirdi. Səncə, gözləntilər doğrulur?
- Əlbəttə, komandaların çoxluğu futbolçuların inkişafı deməkdi. Fikirlər fərqli ola bilər. Amma mənə görə komanda sayı artdıqca futbolçular da artacaq. Xüsusən də gənclər. Ona görə düşünürəm ki, komanda sayı nə qədər çox olsa, inkişaf da bir o qədər sürətli gedəcək. Qərb klublarının elitada oynaması da, təbii ki, müsbət məqamdı.
- Növbəti turda məhz “Turan Tovuz”la qarşılşacaqsız. Hazırlıq necə gedir, hansı nəticəyə köklənmisiz?
- Baş məşqçimiz həmişə deyir ki, hər oyunda layiqincə mübarizə aparsaq, döyüşkən komandamız olsa, gec-tez nəticə də olacaq. Bizim də amalımız budu.
- Vaxtilə “Qarabağ”ın da şərəfini qorumusan. “Köhlən atlar” bu il Çempionlar Liqasının qrup mərhələsinin biraddımlığından geri döndü...
- “Qarabağ” ən yaxşı sözlərə layiqdi. Əminliklə deyə bilərəm ki, Azərbaycan futbolunu çiyninə götürüb aparan komandadı. Sözlə ifadə edə bilməyəcəyimiz bir “Qarabağ”ımız var. Nə yaxşı ki, var. Çempionlar Liqasına da çox yaxşı başladılar. Avropanın yüksək səviyyəli komandaları “Qarabağ” üçün başağrı oldu. Lakin komanda bunun öhdəsindən gəldi. Sonda isə bəxtsizlik üzündən qrupa düşə bilmədi. “Qarabağ” ÇL-in qrupunda olmalıydı. Bu onun haqqı idi. Lakin bu baş verməsə də, Avropa Liqasının qrupunda oynayacaq. Bu da Azərbaycan futbolu üçün böyük addımdı. Azarkeşlər daha çoxunu istəyir, amma bilsinlər ki, Avropa Liqasında oynamaq da böyük işdi. Komandalar var ki, milyonlar xərcləyərək bunu bacarmır. Amma “Qarabağ” 9 ildi qruplarda mübarizə aparır. Bu komanda ən yaxşı sözlərə layiqdi.
- “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki qəribləri də məlumdu. Rəqiblərin münasib olduğunu nəzərə alsaq, pley-offa yüksəlmək mümkün olacaq?
- Münasib dediklərinizin arasında Almaniya klubu var. Deyirdik ki, Çexiya çempionunu keçə bilərdik. Lakin futbolda hər şey ola bilər. Avropada zəif komanda yoxdu. Amma “Qarabağ” bunun öhdəsindən gələcək. İnamım çox böyükdü, lakin çətin olacaq.
ŞAİR ABDULLA