Vacini Türkiyə və Misir klubu istəyib, amma...

30.08.2022 12:49
Aktual / Manşet
Beləliklə, “Qarabağ” son illərdəki ən böyük oyunçu satışlarından birini həyata keçirdi.

Fransa mənbələrində yer alan xəbərlərdən belə aydın olur ki, onqat ölkə çempionu son üç həftədə bu keçidin detalları üzərində işləyib. Sirr deyil ki, Vacini “yaşıllar” Konfrans Liqasının ötən mövsümündə - “Qarabağ”la “Marsel” arasındakı duellərdə bəyənib. Klub rəsmiləri o vaxtdan seneqallının adını qeyd dəftərçəsinə yazıb. Transfer məbləğinə gəlincə, yenə də həmin Fransa mənbələri “Sent-Etyen”in “Qarabağ”a milyon avrodan bir qədər artıq pul ödədiyini yazırlar. Maraqlıdı ki, müqavilədə Ağdam klubu üçün müəyyən bonuslar da nəzərdə tutulub.

Bu transferlə bağlı mümkün olan maksimum informasiyanı toplamışıq. Çempionlar Liqasındakı çıxışı hücumçunun diqqət mərkəzinə düşməsinə səbəb olub. Bu ay ərzində 27 yaşlı forvarda üç təklif gəlib. Söhbət Türkiyənin “Çaykur Rizəspor” və Misirin “Əl-Hilal” klublarından gedir. Lakin hücumçu bu təkliflərə maraqlanmayıb da. “Sent-Etyen”in təklifindən sonra isə Azərbaycanı tərk etməyə qərar verib. Təbii ki, “Qarabağ”ın maliyyə maraqlarının təmin olunması da futbolçunun “köhlən atlar”dan ayrılmasına səbəb olub.

Bu arada Fransa mətbuatı qeyd edir ki, “Sent-Etyen” Ağdam təmsilçisinə əlavə bonuslar ödəyəcək. Müqavilədə yer alan bəzi detalları diqqətinizə çatdırırıq:

1. “Sent-Etyen” qarşıdakı 3 mövsümdə elitaya yüksəlsə, Ağdam təmsilçisinə əlavə bonus ödəniləcək.
2. Hücumçu şəxsi statistikada nəticələr əldə etsə, “Qarabağ”a əlavə vəsait ayrılacaq.

İLKİN SULTANLI