Komanda qalib gəldi, Montella ilə Balotelli dalaşdı!

28.08.2022 11:50 339
Dünya futbolu
Dünən Türkiyə çempionatının 4-cü turu çərçivəsində ''Adana Dəmirspor'' öz meydanında ''Ümraniyəspor''u qəbul etdi.

Kevin Rodrigesin 6-cı dəqiqədə vurduğu qol ilə minimal hesabla qalib gələn Adana təmsilçisi 4-cü oyunda 3-cü qələbəsini qazandı. Matça damğa vuran olay isə final fitindən sonra yaşandı. Belə ki, baş məşqçi Vinçentso Montella qələbəni qeyd edən oyunçularına tərəf yaxınlaşdıqdan sonra bir andaca Mario Balotelli ilə aralarında sərt və hərarətli dialoq yaşandı. İtaliyalı mütəxəssis hətta öz hemyerlisinin üzərinə hücum çəkməyə də çalışdı. Amma məşqçilər korpusu, futbolçular və vitse-prezident Mətin Korkmazın araya girməsi ilə ikilini bir-birindən uzaqlaşdırmaq mümkün oldu. Balotelli bu qarşılaşmada fasilədə Dzyubanın yerinə meydana daxil olmuşdu. Belə güman olunur ki, Montellanı özündən çıxaran şey Balotellinin son saniyələrdə məsuliyyətsiz davranması oldu. Topu komandasında saxlamaq əvəzinə lazımsız yerə driblinq edərək onu itirən məhşur oyunçu rəqib komandanın təhlükəli əks-hücum qurmasına səbəbkar oldu. Montella oyunsonrası mətbuat konfransında hadisə haqda geniş danışmaq istəmədi:
''Çətin olacağını bilirdik. Rəqib son 2 matçın hər birində 0:1 hesabı ilə uduzmuşdu. Çox dəyərli 3 xal qazandıq. Final fitindən sonra yaşananlar barədə məlumat verməli olduğumu düşünmürəm. Sadəcə onu deyə bilərəm ki, Balotelli ümidlərimi doğrultmadı. Oyundan sonra bəzən belə gərginliklər olur. Başqa bir söz demək istəmirəm''.