Hakimin start fitinə saatyarım qalmış arenanın ətrafındakı ab-havaya əsasən bizi hansı qarşılaşmanın gözlədiyini hiss etmək mümkün idi.
“Tofiq Bəhramov”un B girişində “İmarət”çilər əsl şou yaratmışdı. Onlar müxtəlif şüarlar sələndirir, sinxron xoreoqrafik hərəkətlərlə oyuna baxmağa gələn sıravi azarkeşləri belə ayaq saxlamağa məcbur edirdilər. Dəqiqələr ötdükcə stadionun ətrafı adamlarla dolub-daşırdı.
ÇL bir başqa aləmdi
Pley-off ki pley-off... Artıq stadionun dizaynından da hiss olunurdu ki, Çempionlar Liqası kimi mötəbər turnirin “ayaqaltısı” Bakıya qonaq gəlib. Əvvəlki matçlarda reklam banerləri sadə idisə, bu dəfə meydanın ətrafında rəngli monitorlar quraşdırılmışdı ki, UEFA-nın tərəfdaşı olan məşhur dünya brendlərinin reklamları bir-birini əvəz edirdi. Stadionu gözəlləşdirən başqa bir məqam isə ÇL-in loqosunun top formasında mərkəz dairəsinə sərilməsi idi. Bəli, mükəmməl arena, bir-birini əvəzləyən dinamik musiqilər və “12-ci oyunçu”. “Qarabağ”ın qrupa vəsiqə qazanması üçün onlar da özünü göstərməli, rəqibin futbolçularına isti Bakı gecəsində əsl cəhənnəm yaşatmalıydılar və görünən o idi ki, məhz belə də olacaq.
Yeri gəlmişkən, zədəli olduğuna görə bu oyunu buraxan Maksim Medvedev “Tofiq Bəhramov”un girişində vaxtilə yığmada çiyin-çiyinə oynadığı Kamran Ağayevlə görüşdü. Millinin qapıçılar üzrə məşqçisi Maksimə və komandasına uğurlar arzuladı, tribunada gözlədiyini söyləyib aralandı. Maksim isə böyük ehtimalla “Qarabağ”ın paltardəyişmə otağına yollandı. Yollandı ki, bir kapitan kimi komanda yoldaşlarına uğur arzulasın, növbəti tarixi yazmaq üçün onlara xeyir-dua versin. “Qarabağ”ın əsas amiqosu Sənan Şəfizadə yenə öz işində idi.
Kadiyə dəstək qrupu
Oyun başlamamış media tribunasının qarşısında 1 bəy və 4 xanımdan ibarət dəstənin ora-bura vurnuxması gözümüzdən yayınmadı. Hər birinin əynində “Qarabağ”ın ulduzu Kadinin forması var idi. Qonaqların Cənubi Amerikadan olduğu ilk baxışdan sezilirdi. Onların nə axtardıqları bir neçə saniyədən sonra bilindi. Sən demə, “Araz Naxçıvan”ın futzalçısı David Qustavonun rəhbərlik etdiyi dəstədə yer alan xanımlardan biri Kadinin həyat yoldaşıdı. Hamilə olduğuna görə “skay-boks”da əyləşə bilməyən xanım oyunu açıq havada izləmək istəyirdi. Onun istəyi cavabsız qalmadı və “Qarabağ” rəsmiləri Kadinin xanımına və rəfiqələrinə jurnalistlərin tribunasında yer ayırdılar. İkinci yarının ortalarında azarkeşlər bir qədər passivləşdi. Hər kəs meydanda gedən mübarizəyə aludə olduğundan “Qarabağ”a dəstək ilk yarı ilə müqayisədə zəifləmişdi. Elə bu an Şəfizadə amiqoluq bacarığını növbəti dəfə nümayiş etdirməli oldu. Həmkarımız müxtəlif ruhlandırıcı ifadələrlə “yuxuya dalmış” azarkeşləri oyatdı. Sona 10 dəqiqə qalmış stadionun tribunaları yenidən cuşa gəldi. Xüsusilə telefon işıqları ilə yaradılan “lazer-şou” çox effektli alınırdı. Təbil sədaları altında minlərlə tamaşaçı telefonunu yuxarı qaldırıb-endirirdi ki, həmin an tribunalarda bənzərsiz görüntü yaranırdı. Ancaq bu dəstək də komandanın qol vurmasına yardımçı olmadı. Cavab görüşünü gözləyək...
RƏŞAD