“Turan”ın Naci Şensoya nə qədər borcu var? – ÖZÜ AÇIQLADI

18.08.2022 17:21 745
Ölkə futbolu / Manşet
“Turan Tovuz” niyə tarixi adına qayıtmır?

“Boz qurdlar” nəyə görə 9 ildən sonra premyer-liqaya dönüşündə debütant kimi təqdim olunur” suallarına dünən cavab tapmışdıq.

Qısaca xatırladaq ki, kluba yaxın mənbədən “Football-plus.az”a ötürülən məlumata görə, “Turan”ın sabiq baş məşqçisi Naci Şensoya borcu olduğundan FİFA Tovuz təmsilçisinə qarşı sanksiya tətbiq edəcəkmiş. “Turan” rəhbərliyi türk mütəxəssisə ödəniş etməyəcəyi halda hesabından 6 xal silinəcək və klubun premyer-liqada çıxışına “stop” qoyulacaqmış. O vaxtkı rəhbərlik borcu bağlamaq əvəzinə klubun adını dəyişib əvvəlcə “Turan T”, 2014-cü ildən isə “Turan Tovuz” kimi qeydiyyatdan keçirməyi lazım bilib. Bununla da həm borcdan, həm də sanskiyadan yayınmaq mümkün olub. Mənbəmiz açıqlamasında onu da bildirmişdi ki, Şensoya olan borc ya 70 min, ya da 120 min dollar olub.

Məsələ ilə bağlı Naci Şensoyla danışmağı lazım bildik. Türk mütəxəssis “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:

“Mənə yox, vəkilimə borcları vardı. Çünki mən bəlli məbləğ qarşılığında bütün haqqlarımı vəkilə dövr etmişdim. Bildiyim qədər “Turan”ın o dönəmdə toplam 400 min dollar borcu var idi. Borcu ödəməmək üçün o vaxtkı rəhbərlik Türkiyə klublarının yolu ilə getməyə qərar verdi. Yəni, Azərbaycan futbolu tarixində ilk dəfə bir klub borcunu ödəməmək üçün adını dəyişmək yolunu seçdi. Bu özəllik türk klublarına məxsusdu. Azərbaycanın Türkiyədən, Türkiyənin Azərbaycandan öyrənəcəyi çox şey var. Ancaq bu pozitiv və əxlaqlı şeylər olmalıdı. Bir-birindən neqativ nümunə götürmək hər iki ölkənin klublarına yalnız zərər verə bilər.

Bildiyiniz kimi, bu günə kimi Türkiyədə “Malatyaspor”, “Diyarbəkirspor”, “Göztəpə”, “Manisaspor”, “Akhisaspor” və başqaları superliqada oynayarkən lazımsız yerə borclanaraq həvəskar liqalara düşdülər. Ötən illərdə Avropada Peşəkar Futbolçular Assosiasiyası təlimat hazırlayaraq qitənin bütün futbolçularına göndərdi. Sənəddə onlara Türkiyə klublarına transfer olunmamaları tövsiyə olunurdu. Niyə? Türklər futbolçulara pullarını ödəmir deyə. Bu səbəbdən Azərbaycan klubları da düzgün olmayan yollara baş vurmamalıdı. Hamı UEFA-nın “maliyyə feyr-pley”inə əməl etməlidi. Mən də hamınız kimi “Turan Tovuz”un tarixi adına - “Turan”a qovuşmasını istəyirəm. Çünki “Turan” adını tək Azərbaycanda yox, türkdilli dövlətlərin hamısında çox sevirlər”.


RƏŞAD