“Turan Tovuz”un və “Kəpəz”in müəyyən fasilədən sonra premyer-liqaya dönüşünün ölkə futboluna əlavə rəng qatdığı heç kimə sirr deyil.
Düzdü, hər iki klubun həllini gözləyən yetərincə problemi var. Gəncəlilər stadion problemi səbəbindən ev oyunlarını doğma şəhərdən kənarda keçirmək məcburiyyətindədisə, Tovuz stadionunda işıqlandırma olmadığından “boz qurdlar” çempionat oyunlarına daha tez, havanın isti olduğu vaxtda çıxmalıdı. Qeyd etdiymiz çatışmazlıqlar texniki problemlərdi və ümid edirik ki, zamanla yoluna qoyulacaq.
Ancaq elə məsələlər də var ki, birbaşa tarixlə bağlıdı və o tarixi yaşatmaq, gələcək nəsillərə ötürmək vacibdi. 30 il əvvəl “Turan” Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu kimi qeydiyyatdan keçib. Qərb təmsilçisinin tarixinə qızıl hərflərlə düşən mövsümlər də olub, uğursuz dönəm də. “Turan” ölkə çempionu kimi Azərbaycanı avrokuboklarda təmsil edən ilk klubdu və illər ötsə də, bu tarixi heç kim silə və ya yaddan çıxara bilməz. Ancaq təəssüf ki, bu gün belə mənəvi dəyərlərə qiymət verilmir. 9 ildən sonra böyük futbol Tovuza qayıtsa da, “Turan Tovuz” premyer-liqanın debütantı kimi təqdim olunur. Niyə? Çünki 30 il əvvəl ilk peşəkar klub kimi qeydiyyatdan keçən “Turan”ın kimlərəsə borcu qalıb və o pullar ödənilmədiyindən avrokuboklardakı “qaranquşumuzun” kitabı bağlanıb, onun bazasında yaradılan, əslində elə “Turan”ın varisi olan “Turan Tovuz”u elitanın debütantı kimi qəbul edirik.
Bu yerdə ortaya sual çıxır. Görəsən, “Turan”ın borcu nə qədərdi ki, tovuzlular onu ödəyib öz tarixlərinə sahib çıxa bilmirlər? Və ya sualı belə də qoymaq olar: Azərbaycan futbolunun beşiyi adlandırılan Tovuzda debütant adı ilə necə razılaşırlar? Bu suallara aydınlıq gətirmək üçün klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. Oqtay bəy ondan əvvəlki dönəmdə yaşananlardan xəbərsiz olduğunu, klubun kimə və nə qədər borcu olduğunu bilmədiyini söylədi.
Bu yöndə araşdırmamızı davam etdirdik. Və nəhayət, istədiyimizə nail olduq. Kluba yaxın, ancaq adının çəkilməsini istəməyən mənbə bunları söylədi:
RƏŞAD