“Araz-Naxçıvan” və millidə yeni braziliyalı məşqçi! – ÖZƏL

11.08.2022 14:24 406
İdman
Yeni mövsüm ərəfəsində, demək olar, yenidən formalaşan, minimum məqsəd kimi futzal üzrə Çempionlar Liqasının “dördlər finalı”nı hədəfləyən “Araz-Naxçıvan”ın düşərgəsinə daha bir braziliyalı qoşulub.

Bu günə kimi De Melo Ponce Viktor, Mateus Katatau, Varqas Amenqual Andreu, Martin Gimaraeş Junior Sinesio, Vitao və Viktor Uqo Piresa kimi futzalçılarla anlaşan naxçıvanlılar bu dəfə məşqçilər korpusuna Alesionun həmyerlisini dəvət edib. “Football-plus.az” saytının əldə etdiyi məlumata görə, yeni braziliyalı mütəxəssis komandanın fiziki hazırlığına cavabdehlik daşıyacaq.

Xəbəri dəqiqləşdirmək üçün “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Klub rəsmisi məkumatı təsdiqlədi:

“Ötən dəfə sizinlə danışanda da bildirmişdim ki, minimum məqsədimiz Çempionlar Liqasının “dördlər finalı”na vəsiqə qazanmaqdı. Bu səbəbdən mövsümlərarası fasilədə “Araz-Naxçıvan”ın güclənməsi yönündə transfer çalışmalarımızı davam etdiririk. Heyətə dəvət etdiyimiz braziliyalı futlzalçılardan sonra məşqçilər korpusunda çalışacaq yeni mütəxəssislə anlaşdıq. Onu da qeyd edim ki, 27 yaşlı Cordan Da Silva “Araz- Naxçıvan”la yanaşı, millidə də işləyəcək. Onun son iş yeri Küveyt yığması olub”.


Heç kimə sirr deyil ki, “Araz-Naxçıvan” həm də yığmanın bazası sayılır. Artıq neçə illərdi bu ənənə formalaşıb. Ölkənin dəyişməz çempionunun şərəfini qoruyan braziliyalılar belə qısa zamanda “milliləşdirilərək” ölkənin əsas yığmasına dəvət alırlar. Görəsən, “ağ-qırmızılar”ın yeni “sambaçılar”ı da eyni aqibəti yaşayacaqlar? Sadıqovun sualımıza cavabı belə oldu:

“Hələ ki bu məsələ gündəmdə deyil. Gələcəkdə necə olacağını isə zaman göstərəcək. İndi yalnız onu deyə bilərəm ki, “Araz-Naxçıvan”ın heyətinə qatdığı yeni transferlər cavandı. Ən böyüyü 26 yaşındadı. Elə komanda formalaşdırmaq istəyirik ki, onların xidmətindən bir neçə il yararlana bilək”.


RƏŞAD