Ötən ayın son günlərində AFFA və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə hakimlər üçün növbəti seminar keçirilib.
Hakimlər Komitəsinin üzvü, FİFA referisi Anar Salmanov, instruktor Ceyhun Haşımov və mütəxəssis Rüstəm Rüstəmlinin iştirakı ilə reallaşan seminar futbol oyunu qaydaları və hakimlərin peşə hazırlığını əhatə edib.
Muxtar Respublikada təşkil olunan seminar barədə daha ətraflı məlumat almaq üçün Anar Salmanovla danışdıq: “Naxçıvanda hakimlər üçün 5 günlük toplanış oldu. Gün ərzində həm nəzəri, həm də praktiki dərslər keçirildi. Bundan başqqa, hakimlərə fiziki hazırlıqdan da dərslər təşkil olunmuşdu. Budəfəki seminara yeni 5 hakim də qoşulmuşdu. Onlara da oyun qaydaları haqda məlumat verildi. Dərsləri mən və Ceyhun Haşımov keçirdi. Fiziki hazırlıq üzrə məşqlər isə Rüstəm Rüstəmlinin rəhbərliyi altında oldu. Naxçıvanlı hakimlər normativlər verdilər. Nəticənin lap yaxşı olduğunu deyə bilmərəm, bunu heç gözləmirdim də. Hamısı Region Liqasında oyun idarə edir. Bizim əsas məqsədimiz gələcəkdə Naxçıvandan birinci diviziona, premyer-liqaya hakim çıxarmaqdı. Onlara tapşırıqlarımızı verdik, hansı yöndə işləməli olduqlarını izah etdik. Naxçıvan Futbol Federasiyası hakimlərə ayrıca fiziki hazırlıq üzrə məşqçi də ayırıb. Seymur Əliyev yerli ədalət təmsilçilərinin fiziki hazırlığına cavabdehlik daşıyır. Dərslərə yeni qoşulan həmin 5 hakimdən nə tələb edə bilərdik? Əsas 17 oyun qaydasını mənimsəməlidilər. Sonda həmin qaydalardan test verdilər. Nəticə əla olmasa da, pis də deyildi. İki-üç hakimin cavabları qənaətbəxş idi”.
Bilıdiyiniz kimi, yeni mövsümdən Muxtar Respublikanın təmsilçisi “Araz-Naxçıvan” birinci divizionda mübarizə aparacaq. Maraqlıdı, naxçıvanlı hakimlər də peşəkar liqada oyun idarə edə biləcəklər? Salmanov hələ ki bunun mümkün olmayacağını bildirdi, naxçıvanlı hakimlərin əsas problemindən danışdı: “Yeni mövsümdə birinci divizionda naxçıvanlı hakimləri görə bilməyəcəyik. Ancaq yenə deyirəm, gələcək üçün bunu planlaşdırırıq. Yeri gəlmişkən, həm yeni, həm də əvvəlki seminarlara qatılan və bir qədər təcrübəli sayılan hakimlərdən perspektiv vəd edənlər var. Üç ilə yaxındı Muxtar Respublikada hakimliyin inkişafı yönündə iş aparırıq. Ancaq bəzi nüanslar var ki, işimizə mane olur. Məsələn, ötən il və bu il iki nəfər gənc hakim hərbi xidmətə yollandı. Onlar getdikcə məcburuq əvəzlərinə yeniləri cəlb edək. Ötən il hərbi xidmətə gedənlərdən biri hakimliyə qayıtsa da, biri dönmədi. Gənclərin arasında Ordubaddan olan Ayazı vurğulayardım. Təəssüf ki, soyadını unutmuşam. Özü də futbol oynayır. Yenə soyadını yaddan çıxardığım Pərvizi qeyd edərdim. İlyarımdı bizim seminarlarda iştirak edir. Çox gözəl hakimlik edir. Amma onlardan hələ istədiyimizi ala bilmirik. İstədiyimizi onlardan almaq, adını qeyd etdiyim gənc ədalət təmsilçilərini divizionda görmək üçün həm fiziki hazırlıqları, həm də nəzəri bilikləri yüksək səviyyədə olmalı, imtahanları yaxşı verməlidilər”.
RƏŞAD