Təxminən 2 ayyarımlıq fasilədən sonra premyer-liqada bu gün mövsümə start veriləcək.
31-ci ölkə çempionatının əsas özəlliyi odu ki, uzun fasilədən sonra elitada 10 komandanın iştirakına şahidlik edəcəyik. “Turan Tovuz”un 9, “Kəpəz”in isə 4 ildən sonra yüksək dəstəyə dönməklə premyer-liqanın futbol xəritəsini qərbə doğru genişləndirdi. Onu da qeyd etmək lazımdı ki, yay fasiləsində bəzi klublarda baş məşqçi dəyişikliyi yaşanıb. “Səbail”də Aftandil Hacıyevin yerinə Mahmud Qurbanov “sükan arxasına” dəvət olunubsa, “Neftçi” də Samir Abasovu Laurentsiu Regekampf, diviziondan elitaya yüksələn “Turan Tovuz”da Əfqan Talıbovu Ayxan Abbasov əvəzləyib. “Şamaxı”da isə sənəd üzərində baş məşqçi kimi Vüqar Əsgərlinin adı yazılsa da, texniki zonada əsas söz sahibi Cavid Hüseynov olacaq. Yeri gəlmişkən, dünən “Ferentsvaroş”la taleyüklü oyuna çıxan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov anket-sorğuya qatılmadı. Onun komandası onsuz da Çempionlar Liqası kimi mötəbər turnirdə 5-ci oyununu keçirməklə nəyə qadir olduğunu ortaya qoyub. Ardıcıl olaraq Polşa və İsveçrə çempionlarını mübarizədən kənarlaşdıran “köhlən atlar”ın transferləri, hazırlıq səviyyəsi göz önündədi. Ağdamlıların 2022/23 mövsümündə də çempionluğa oynayacağı heç kimdə şübhə doğurmur.
Fasilə dönəmi necə yadda qaldı, klublar təlim-məşq toplanışlarından necə yararlandı? Təbii ki, bu suallara çempionatın ilk turlarında cavab tapa biləcəyik. Ancaq çoxillik ənənəmizə sadiq qalıb, start ərəfəsində elita təmsilçilərinin baş məşqçilərinə 4 sual ünvanladıq.
1. Təlim-məşq toplanışından razı qaldız?
2. İstədiyiniz transferləri reallaşdıra bildiz?
3. Komanda çempionata neçə faiz hazırdı?
4. Kollektivin qarşısına hansı hədəf qoyulub ?
“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun mövzu ilə bağlı fikirləri belə oldu:
1. Ümumilikdə toplanışdan - futbolçuların işə yanaşmasından, mövsümə köklənməsindən razıyam. Şükür, hər şey qaydasında gedir. Yeganə narahatlığımız Hamidu Keytanın cəza səbəbindən mövsümün ilk iki oyununu buraxmasıdı. Bizim üçün ciddi itkidi.
2. Transferlərlə bağlı işlər davam edir. Əvvəlki açıqlamalarımda da demişəm, bu yöndə yubanırıq. Çalışırıq ki, transferləri maksimum dərəcədə sürətləndirək, “transfer pəncərəsi”nin bağlanmasına az qalıb.
3. Tam hazır olmaq üçün daha 3-4 rəsmi oyuna ehtiyacımız var. Müəyyən səviyyədə hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu premyer-liqa oyunları göstərəcək.
4. Əsas hədəfimiz imkan daxilində yüksək yerlər uğrunda mübarizə aparmaqdı. İnşallah, mövsümün sonunda istədiyimiz yerlərə çatarıq.