Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysonun fikrincə, çoxlu pulun olması xoşbəxtlik əlaməti deyil. O belə hesab edir ki, pul aldadıcı təhlükəsizlik hissidi: “Mənim üçün pulun heç bir önəmi yoxdu. Pulun onları xoşbəxt edəcəyini düşünən adamlara həmişə belə deyirəm: “Çox pulun varsa, kiminsə səni sevəcəyinə ümid edə bilməzsən”. Lap hesabında 500 milyon dollar varsa, mən səni sevəcəm? Pul aldadıcı təhlükəsizlik hissidi. Sən inanırsan ki, pis heç nə ilə üzləşməyəcəksən. İnanmırsan ki, günlərin birində bank sistemi çökə bilər”.
Maraqlıdı ki, bir müddət əvvəl Tayson 15 il ərzində 500 milyon dollar xərclədiyini demişdi. Onun indiki durumu ilə bağlı daha bir maraqlı açıqlaması var: “Bir gün hamımız öləcəyik. Güzgüyə baxarkən üzümdə kiçik nöqtələri görür və öz-özümə deyirəm: “Vay! Deməli, saxlama müddətim başa çatır. Çox tezliklə”.
Xatırladaq ki, 55 yaşlı Tayson boksçu karyerasını 2005-ci ildə - 6-cı raundda Kevin Makbrayda texniki nokautla uduzandan sonra bitirib. 2020-ci ildə isə Roy Consla döyüşə çıxıb və bu görüşdə hakimlər heç-heçə qeydə alıb.