Eyniadlı şəhəri təmsil edən “Sürix”in əsası 1896-cı ildə qoyulub.
İsveçrənin ən titullu klublarından sayılır. Qısa adı FCZ olan 125 yaşlı “ağ-qaralar” 13 dəfə çempion olub, 10 dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb. Ev oyunlarını 26104 yerlik “Letsiqrund” stadionunda keçirir. Klubun prezidenti Ançillo Kanepa, baş məşqçisi almaniyalı Franko Fodadı.
İsveçrənin son çempionu 2015/16 mövsümündə superliqanı tərk etsə də, həmin mövsüm ölkə kubokunu qazanmaqla yadda qalıb. Çox maraqlıdı ki, 2016/17 “futbol ili”ndə “Sürix”, ikinci divizionda çıxış etməsinə baxmayaraq, İsveçrəni Avropa Liqasının qrup mərhələsində təmsil edib. Elə həmin il yenidən superliqaya dönən komanda mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmağı bacarıb. Ötən “futbol ili”ndə 13-cü çempionluğu bayram edən “ağ-qaralar” bu sevinci yaşamaq üçün 13 il gözləməli olub. Əvvəlki çempionluq 2008/09 mövsümünə təsadüf etmişdi.
Çempionlar Liqasının ikinci mərhələsində “Qarabağ”ın rəqibi olacaq “saatlar ölkəsi”nin təmsilçisinin heyətində 7 yığma üzvü çıxış edir. Komandada orta yaş həddi 25,5-di. Mövsümlərarası fasilədə “Sürix”i 5 futbolçu tərk edib, 4 oyunçu isə komandaya qoşulub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Assan Sisay “Leççe”ye üz tutub. Usman Dumbiya İsveçrənin digər klubu “Luqano” ilə anlaşıb. Mərkəz hücumçusu Blaj Kramer Varşava “Legiya”sı ilə ortaq məxərəcə gəlib. Sloveniya yığmasının üzvü, 1,97 m boya malik Kramer “ağ-qaralar”ın əsas qol silahı sayılırdı. Meydana çıxdığı 86 matçda 21 dəfə rəqib qapısının torunu silkələmişdi. Moris Lyaytner hələ klubsuzdusa, Silvan Valner “Vil 1900” klubuna icarayə verilib.
Bu yay komandaya qoşulan futbolçulardan Ole Selnayes dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Norveç millisinin sabiq üzvü İsveçrənin 1-ci dəstəsində mübarizə aparan “Şenzen”dən “Sürix”ə üz tutub. Futbolçu azad agent statusuna malik olduğundan FCZ onun transferi üçün pul xərcləməyib. İvan Santini isə mərkəz müdafiəçisidi. Son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fateh” olub. 33 yaşlı, 1,90 m boya malik stopper də “Sürix”ə azad agent statusu ilə qoşulub. Konqo yığmasının şərəfini qoruyan Conatan Okita da “ağ-qaralar”ın yeni üzvüdü. Almaniyada doğulan futbolçu həm müdafiənin, həm də yarımmüdafiənin sağında çıxış etməyi bacarır. Karyerası ərzində daha çox Belçika və Niderland klublarında çıxış edən 25 yaşlı futbolçunun son klubu “Neymegen” olub. “Sürix” onu da azad agent kimi sıralarına qatıb. Nəhayət, “Qarabağ”la oyuna kimi reallaşdırılan son transfer Şeyk Kondedi. Qvineya yığmasının üzvü yarımmüdafiənin mərkəzində oynayır. “Jilina”dan gələn futbolçuya görə “Sürix” onun sabiq klubuna 500 min avro ödəyib. Adını çəkdiyimiz futbolçular kimi, almaniyalı baş məşqçisi Franko Foda da “sükan arxasında” bu yay keçib. Karyerası ərzində Avstriya millisi ilə yanaşı, “Şturm”u çalışdıran 56 yaşlı mütəxəssis daha çox 4-2-3-1 sisteminə üstünlük verir.
Futbolçuların transfer dəyərini müəyyənləşdirən məşhur transfermarkt. com portalı “Sürix”in ən bahalı oyunçusu kimi pleymeyker funksiyasını yerinə yetirən Vilfrid Qnontonu göstərib. Onun “transfer bazarı”nda dəyəri 10 milyon avrodu. 18 yaşlı oyunçu İtaliya yığmasına da cəlb olunur. “Ağ-qaralar”ın ikinci ən dəyərli futbolçusu mərkəz müdafiəçisi Beçir Omeraqiçdi. Həm İsveçrə, həm də Bosniya və Hersoqvina pasportuna malik stopperə 8 milyon avro qiymət qoyulub. Ancaq onun hazırda zədəli olduğunu nəzərə alsaq, “Qarabağ”la oyunda meydana çıxacağı inandırıcı görünmür. Sonda onu da qeyd edək ki, “Sürix” hazırda UEFA reytinqində 175-ci pillədə qərarlaşıb.
RƏŞAD