Pol Poqba yenidən İtaliyada çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”i azad agent kimi tərk edən futbolçu sabiq klubu “Yuventus”a qayıdıb.
Turin klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı yarımümdafiəçi şənbə günü tibbi müayinədən keçib. 29 yaşlı oyunçunun təqdimatı isə bazar ertəsi reallaşıb. Pol “Yuventus”la 4 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Poqba “Yuventus”da 2012-16-cı illərdə oynayıb. DÇ-2018-in qalibi 6 il əvvəl MY-yə 100 milyon avroya satılmışdı. “Qoca sinyora” ilə 4 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 3 dəfə ölkə superkubokunu qazanan Pol turinli tifoziyə belə müraciət edib: “Salam, byankoneri (ağ-qaralar)! Gördüyünüz kimi, qayıtmışam və buna görə çox xoşbəxtəm. Mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Sizinlə birgə yenidən titullar qazanmağı arzulayıram. Tezliklə meydanda – sizinlə birlikdə olacağıq”.