Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

5.07.2022 19:55 731
Aktual / Manşet
Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.

"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasında isə “Neftçi”, “Zirə” və “Qəbələ” mübarizə aparacaq. Oyunların vaxtı da məlumdu. Ağdamlılar bu gün səfərdə “Lex”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22.00-da start götürəcək. Cavab oyunu isə bir həftə sonra, 20.00-da “Tofiq Bəhramov”da baş tutacaq. “Neftçi”nin Cənubi Kipr “Aris”iylə ilk görüşü iyulun 21-də səfərdə keçiriləcək. Oyunun start fiti 21.30-da səslənəcək. Cavab matçı isə 28-də, saat 21.00-da “Bakcell Arena”da başlayacaq. Ən çətin rəqib “Zirə”nin bəxtinə düşüb. “Makkabi”ylə Bakıda keçiriləcək ilk oyun iyulun 21-də, saat 20.00-da “Dalğa Arena”da start götürəcəksə, komandalar bir həftə sonra Təl-Əvivdə, 21.30-da üz-üzə gələcək. “Qəbələ” isə eyni tarixdə “Fehervar”la ilk görüşü “MOL Arena”da, Bakı vaxtı ilə saat 21.00-da, cavab matçını bir həftə sonra Qəbələdə, 20.00-da keçirəcək.

Avrokuboka qatılan klubların oyunlarını, adətən, “CBC Sport” yayınlayır. Telekanalın “Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi matçları mavi ekranlara daşıyacağı məlumdu. Maraq doğuran məqam Konfrans Liqası ilə bağlıdı. Bu məsələyə aydınlıq gətirmək üçün “CBC Sport”un proqram direktoru Rüstəm Əfsərli ilə əlaqə saxladıq:

“Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük. Danışıqlar gedir, hələ ki dəqiq bilinmir. Yəqin ən geci həftəsonuna qədər bu məsələyə aydınlıq gələcək. Amma indidən onu deyə bilərik ki, bütün klubların oyunlarının yayın hüququ bizdə olduğuna görə maksimum çalışaçağıq ki, komandaların həm ev, həm də səfər görüşlərini göstərək”.


Görəsən, yay aylarında “CBC Sport”un efirində hansı yeniliklər olacaq? Rüstəm bəyi dinləyək:

“Onsuz da yayda qrafik sıx olur. Hazırda “Uimbldon” turnirini yayınlayırıq. İyulun 10-na kimi davam edəcək. Yayboyu atletika üzrə “Brilyant liqa”nın mərhələləri davam edəcək. Demək olar ki, hər həftə efirdə olur. Eyni zamanda, Azərbaycan Voleybol Federasiyası ilə danışıqlar prosesindəyik. Çimərlik voleybolu üzrə yarışlar keçirilməlidi. Onları da yayınlamaq niyyətindəyik. Məlum olduğu kimi, yay ayları televiziyada məzuniyyət dövrüdü. Buna baxmayaraq, həm Azərbaycan, həm də dünya futbolunda baş verən transfer yenilikləri ilə bağlı da gündəlik veriliş yayınlayırıq. Əsas işlərimiz isə avqustdan başlayacaq. Həmin vaxtdan etibarən efirimiz bol olacaq”.


ŞAİR ABDULLA