“Mən bu qərarı mövsümöncəsi, hətta ötən mövsümdən sonra vermişdim” – Koxalski getdi...

6.09.2026 23:33 12
Müsahibə / Ölkə futbolu
“Qarabağ” - “Araz-Naxçıvan” oyunundan sonra ağdamlıların polşalı qapıçısı Mateuş Koxalski azarkeşlərlə vidalaşdı.

Daha sonra o, “Football-plus.az”a müsahibə verdi.

- Mənim üçün burda oynadığım son matç idi. Bu gün əsas məsələ “Qarabağ”ın üç xal qazanması və çempionluq yolunda vacib addım atması idi. Ümid edirəm ki, bu qələbə də həmin yolda önəmli olacaq.

– “Qarabağ”dan ayrılmaq qərarını necə verdin?
– Əminəm ki, “Qarabağ”ın hazırda iki yaxşı qapıçısı var – Martin və Şahruddin. Komandanın qapısı etibarlı əllərdədi. Buna görə də düşünürəm ki, mənim üçün getməyin doğru vaxtıdı. Bu, mənim qərarım idi. Əlbəttə, asan olmadı, amma düşünürəm ki, hər kəs üçün yaxşı olacaq.

– Deməli, bu qərarı avrokubok oyunları zamanı yox, daha əvvəl qəbul etmişdin?
– Mən bu qərarı mövsümöncəsi, hətta ötən mövsümdən sonra vermişdim. Həyatımda yalnız futbol və ya pul ən vacib şey deyil. Mənim üçün həyatım və ailəm, hər günümü necə keçirməyim daha önəmlidi. Buna görə belə qərar verdim.

– “Qarabağ”dakı karyeran ərzində həm çempionatda, həm də avrokuboklarda çox vacib oyunlar keçirmisən. Azarkeşlərə son sözün nə olardı?
– Hər şey üçün təşəkkür edirəm. Amma xüsusilə onu demək istəyirəm ki, mən burdan hansısa problemə görə ayrılmıram. Mən Azərbaycanı, burda yaşayan insanları çox sevirəm. Qarşılaşdığım hər kəs mənə çox kömək edib və mənə hər şeyi verib. Buna görə Azərbaycan xalqına və “Qarabağ” azarkeşlərinin hər birinə təşəkkür etmək istəyirəm. Mən bura gələndə gənc və o qədər də tanınmayan bir qapıçı idim. İndi isə Polşada da məni tanıyırlar. Siz məni həm qapıçı, həm də şəxsiyyət kimi böyütdüz. Buna görə sizə borcluyam və hər zaman göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm.

– “Qarabağ”dakı karyeranın ən yaddaqalan oyunu hansı olub?
– Bunu demək çətindi. “Napoli” ilə oyunu qeyd etməzdim, çünki həmin matçda məğlub olduq və mən heç vaxt məğlubiyyətdən sonra xoşbəxt olmuram. Bəlkə də “Çelsi” ilə oyun xüsusi idi. Premyer-liqa təmsilçisinə qarşı yaxşı oynadıq. Düşünürəm ki, komandadakı hər bir futbolçu belə səviyyədə oynamağı arzulayırdı. Amma tək bir oyun seçmək çətindi. Çünki çox yaxşı və yaddaqalan matçlarımız olub.

– Ötən il daha güclü, hətta İngiltərə premyer-liqasında çıxış edən klublardan birinə keçmək istədiyini bildirmişdin. Ayrılmaq qərarını gec verdiyinizi düşünürsən?
– Bəlkə də haqlısız. Amma mənə elə gəlir ki, indi komandadan ayrılmaq üçün doğru zamandı. Hazırda “Qarabağ”da mən də daxil olmaqla üç qapıçı var və hər üçü oynamaq istəyir. Bizim isə indi yalnız daxili çempionat və Azərbaycan kuboku kimi yarışlarımız var. Üç qapıçı üçün kifayət qədər oyun yoxdu. Buna görə düşünürəm ki, ayrılmaq üçün doğru vaxtdı.

– “Qarabağ”ın avrokuboklardan kənarda qalması və yalnız daxili yarışlarda mübarizə aparması ayrılmaq qərarına təsir etdi?
– Xeyr. Bir qədər əvvəl də dedim ki, bu qərarı mövsümdən əvvəl vermişdim. Ona görə də “Qarabağ”ın avrokuboklardakı nəticələrinin qərarıma təsiri olmayıb.

– “Qarabağ”dakı fəaliyyətini iki-üç sözlə necə ifadə edərdin?
– Çətindi. Bəlkə bunu polyak dilində daha yaxşı ifadə edə bilərdim. Amma deyə bilərəm ki, bu, möhtəşəm təcrübə idi. Burda özümü bir məşhur kimi hiss edirdim. Şəhərə çıxanda, demək olar ki, hər beş dəqiqədən bir kimsə məni saxlayıb şəkil çəkdirmək istəyirdi. Bu, mənim üçün çox gözəl və xoş idi. Mən də həmişə dayanıb, şəkil çəkdirirdim. Çünki nəticədə hamımız eyni insanlarıq.

– Gələcəkdə yenidən “Qarabağ”a qayıtmaq ehtimalın varmı?
– Gələcəkdə nə baş verəcəyinə baxarıq. Görək zaman nə göstərəcək.

İSRAYIL XEYRULLAYEV