''Qalatasaray''ın ulduzu Lukas Torreyraya vətənindən nəhayət, müjdəli xəbər gəlib.
30 yaşlı futbolçu uzun fasilədən sonra ilk dəfə Uruqvay yığmasına dəvət alıb. Təcrübəli yarımmüdafiəçinin Uruqvayın əvvəlki baş məşqçisi Marselo Byelsa ilə münasibətləri qaydasında deyildi. Torreyra Byelsanın dönəmində yalnız bir dəfə yığmaya çağırılmış, onda da meydana çıxmamışdı.
DÇ-2026-da fiaskoya uğrayan Uruqvayda Byelsa ilə yollar ayrıldı və onu Dieqo Forlan əvəzlədi. Öz dövrünün tanınmış hücumçularından olan Forlanın məşqçi kimi təcrübəsi o qədər də böyük deyil. Buna baxmayaraq federasiya ona güvənmək qərarına gəlib. Uruqvayı qarşıda Yaponiya, Koreya və Hindistan ilə hazırlıq matçları gözləyir. Forlan bu oyunlar üçün açıqladığı 46 nəfərlik geniş siyahıya Torreyranın da adını salıb.
''Qalatasaray''ın belə desək, əsas mühərriklərindən biri hesab olunan Torreyra hazırda yaxşı formadadı. O son olaraq ''İstanbul BŞ'' ilə qarşılaşmada bir qol və bir məhsuldar ötürməlik performans sərgilədi.
İndiyə qədər Uruqvay yığmasında 40 oyun keçirən bu futbolçunun dördillik həsrətinin başa çatacağını güman etmək olar. Çünki Torreyra yığmada son oyununu 2022-ci ildə keçirib.
''Qalatasaray''ın ulduzunun dördillik həsrəti başa çatır
Dünya futbolu






