Sürpriz şəkildə ''Fatih Karagümrük''ün başına keçən və Türkiyədə işləməyə razılıq verən məhşur italiyalı futbol adamı Andrea Pirlonun kluba gətirmək istədiyi tanınmış futbolçunun adı məlum olub.
43 yaşlı Pirlo imza mərasimində ''əlaqələrimi işə salaraq bura bəzi oyunçuları gətirməyə çalışacam'' demişdi. Türkiyə və İngiltərə mətbuatının iddiasına görə bu mütəxəssis İstanbul klubuna Aaron Remsini gətirmək istəyir. Pirlo özü şəxsən təcrübəli uelsli yarımmüdafiəçi ilə əlaqə quraraq onu ''Fatih Karagümrük''ə dəvət edib. Bu ikili bir-birini gözəl tanıyır. Remsi 2020/21-də ''Yuventus''da məhz Pirlonun başçılığı altında oynayıb. Daha öncə uzun illər ''Arsenal''da top qovmuş və hazırda müqavilə ilə ''Yuve''yə məxsus olan Remsi ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Reyncers''də keçirmişdi.
Zədəyəmeyilli futbolçu yalnız 13 rəsmi oyuna çıxaraq 2 qol vurmuşdu. AL-in finalında ''Ayntraxt''la görüşdə oyunsonrası penaltilər seriyasında məhz Remsinin yanlışlığı həlledici olmuşdu. 30 yaşlı futbolçu ''Kardiff Siti''nin də hədəfindədi.