Məlum olduğu kimi ''Fatih Karagümrük'' dünən futbol dünyasının önəmli simalarından biri olan Andrea Pirlo ilə rəsmən birillik müqavilə imzaladı.
Bu arada İstanbul təmsilçisinin rəsmi ''tvitter'' səhifəsində Pirlonu təqdim etmə şəkli birmənalı qarşılanmayıb. Belə ki, 43 yaşlı mütəxəssis məhşur ''Xaç atası'' filmindəki Don Vito Karleone obrazında təqdim olunub. Klubun bununla paylaşdığı şəkil həm italiyalı, həm də türkiyəli futbolsevərlər tərəfindən tənqid olunub. Şərhlərdə ''dünya çempionu olmuş bu cür əfsanəni mafiya başçısı obrazında göstərmək tam bir fiaskodu'', ''İtaliyada türkiyəli məşqçini kababla eyni yerdə təqdim etsəydilər, reaksiyamız necə olardı? Üstəlik kabab bişirmək, mafiya başçısı olmaqdan daha şərəfli bir işdi'' kimi ifadələrə rast gəlmək olar. Bəziləri bunu hətta irqçilik kimi qiymətləndiribsə, ''məni belə təqdim etsəydilər'' dərhal istefa verərdim'' fikrini yazanlar da olub. İtaliya mətbuatı da bu olaya biganə qalmayıb. ''La Repubblica'' nəşri ''Türkiyə klubu italyanlar haqda yayılmış ən axmaq fikrə baş vuraraq Pirlonu çox pis formada təqdim etdi'' ifadəsini yazmağı lazım bilib. ''İl Fatto Quotidiano'' nəşri də bu xəbəri oxuyucularına çatdıraraq bu hadisənin italyanları qəzəbləndirdiyini vurğulayıb.