“Bununla bağlı mətbuata açıqlama verməyi düzgün hesab etmirəm” - “Sumqayıt”ın idman direktoru

21.06.2022 13:34 822
Premyer-liqa / Manşet
Ötən mövsümü uğursuz keçirən “Sumqayıt”a yeni futbol ilindən heyətinə legioner cəlb etməyə icazə verilsə də, hələ ki bu yöndə səs-soraq yoxdu.

Bu azmış kimi, mövsümlərarası fasilədə bir çox aparıcı futbolçular klubdan ayrıldı. Əli Qurbani, Anatoli Nuriyev və Tellur Mütəllimovdan sonra Rəhim Sadıxov da “gənclik şəhəri” təmsilçisini tərk etdi. İndi Aleksey Baqanın sərəncamında 12 yerli futbolçu qalıb ki, onun da ikisi qapıçıdı.

Görəsən, “kimyaçılar”ın rəhbərliyi nə düşünür, yeni mövsüm üçün heyəti gücləndirmək yönündə hansı addımları atmaq fikrindədi? Bu suallara cavab tapmaq üçün “Sumqayıt”ın idman direktoru Zamiq Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında narahatlıq üçün əsas olmadığını dedi:

“Maraq dairəmizdə olan həm yerli, həm də əcnəbi futbolçular var. Onlarla danışıqlar davam edir. Baş məşqçimizlə də mütəmadi əlaqədəyik. İyunun 27-də komanda bir araya gələcək. Böyük ehtimalla baş məşqçinin bəyəndiyi oyunçularla danışıqları yekunlaşdırıb, müqavilə bağlayacağıq”.


Son günlər mətbuatda klub rəhbərliyinin məşqçilər korpusunun və futbolçuların məvacibinin azaldacağı ilə bağlı xəbərlər yayılır. Zamiq bəylə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik:

“Bu, klubun daxili işidi. Bununla bağlı mətbuata açıqlama verməyi düzgün hesab etmirəm. Yalnız onu deyə bilərəm ki, bu gün üçün heç bir azalma olmayıb”.


RƏŞAD