Mövsümü 6-cı pillədə başa vuran “Sumqayıt” bu günə kimi Vurğun Hüseynov və Vüqar Mustafayevlə müqaviləni yeniləyib.
Kapitanla 1, vitse-kapitanla isə “2+1” şərti ilə yeni anlaşma imzalanıb. Komandadan hələ ki 2 futbolçunun gedəcəyi dəqiqləşib. Söhbət “Sabah”la anlaşan Tellur Mütəllimovla “Turan Tovuz”a yollanacağı gözlənilən Tərlan Əhmədlidən gedir.
Rəhbərlik hələ ki yeni transfer etməyə tələsmir. Buna səbəb klubun əsas sponsoru “Azərikimya”dan gələcək xəbərdi. Klub rəhbərliyi sponsorun legionerlərlə bağlı qərarını gözləyir. Heyətə əcnəbi futbolçuların cəlb olunmasına icazə veriləcəyi halda transfer çalışmaları davam etdiriləcək.
Bu yerdə onu da bildirək ki, əksər premyer-liqa klubları kimi, “kimyaçılar” da mövsümlərarası fasilədə təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutacaq. Aleksey Baqanın komandası ya Boluda, ya da Qızılcahamamda hazırlıq keçəcək.
RƏŞAD