Dünən basketbol üzrə Türkiyə çempionatında final seriyasının 4-cü oyununda mövsümün qalibi məlum oldu.
Xatırladaq ki, ''Fənərbaxça'' ilk iki ev oyununda ''Anadolu Efes''i uyğun olaraq 85:76 və 93:78 hesabları ilə yenərək 2:0 önə keçmişdi. 3-cü qarşılaşmada ''Anadolu Efes'' doğma ''Sinan Ərdəm''də Şeyn Larkinin möhtəşəm performansı sayəsində 103:92 hesabı ilə üstün olaraq fərqi minimuma endirmişdi. ''Anadolu Efes''in baş məşqçisi Ərgin Ataman öz meydanlarında keçirəcəkləri seriyanın 4-cü oyunundan öncə çox iddialı açıqlamalar vermiş və seriyanı 5-ci oyuna daşıyaraq rəqibin meydanında çempion olacaqlarını demişdi. Amma o, sözünün üstündə dura bilmədi! 4-cü qarşılaşmada əvvəldən sona qədər rəqibindən üstün olan və bütün çeyrəkləri öndə tamamlayan ''Fənərbaxça'' yekunda 92:80 hesabı ilə qalib gəldi. Beləliklə, İstanbul nəhəngi son 4 ildə birinci, tarixinin isə 10-cu çempionluğunu əldə etdi. Komanda daha öncə 1990/91, 2006/07, 2007/08, 2009/10, 2010/11, 2013/14, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində çempion olmuşdu. Bu göstəricidə lider 15 çempionluğu olan ''Anadolu Efes''di. Xatırladaq ki, ''Anadolu Efes'' son 2 mövsümdə Avroliqanın qalibi olub. Bu kollektiv göründüyü kimi bu il Avropanın ən böyüyü adını qazansa da, öz ölkəsinin çempionu ola bilmədi. Halbuki ''Fənərbaxça'' Avroliqada heç pley-offa da vəsiqə qazana bilməmişdi!