Qvardiola Nadalı təriflədi

10.06.2022 21:33 432
Dünya futbolu
Rafael Nadalın “Rolan Qarros”un finalında Kasper Ruudu məğlub etməklə karyerasında 22-ci “Böyük dəbilqə” seriyalı turniri qazandığını xəbər vermişdik.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola onu İspaniyanın ən nəhəng idmançısı sayır:

“Nadalın haqqında danışdığı çoxlu fiziki problem fonunda belə uğur mümkünsüz görünür. Rafanın karyerasını və uğurlarını təsvir etmək üçün söz tapa bilmirəm. Məndə belə təəssürat yaranır ki, orqanizmi ayağı ilə bağlı problemlərə dözsə, qələbələri davam etdirəcək. Şübhə yoxdu, Nadal tarixin ən yaxşı ispan idmançısıdı, bunu düşünməyə dəyməz. Fərdi idman növlərini komanda idman növləri ilə müqayisə etmək çətindi. İspaniyada çox yaxşı idmançılar olub, ancaq Rafadakı sabitlik və uzunömürlülük heç kimdə olmayıb".


Finaldakı qələbədən sonra turnirdə keyləşmiş dabanla oynadığını deyən Nadal “Rolan Qarros”da qələbə sayındakı rekordunu (14) yeniləməyin çətin olacağını düşünür:

“Elə görünə bilər ki, rekordumu qırmaq mümkünsüzdü. Ancaq belə deyil. Çətin olacaqmı? Bəli, bunun necə çətin olduğunu obyektiv şəkildə dəyərləndirirəm. Ancaq mən bacarmışamsa, güman edirəm ki, başqası da bacarar. Təbii, bunu etmək çətin olacaq”.

İspanla yarımfinal oyununda zədələnən Aleksandr Zverevin bərpa dövrünün nə qədər davam edəcəyi də açıqlanıb. Bərpa dövrü 6-8 həftə çəkəcək. Dünyanın 3 nömrəli tennisçisi bu üzdən “Uimbldon”u da buraxacaq. 25 yaşlı tennisçi Nadalla görüşdə dabanını əzmiş və kortu qoltuqağacı ilə tərk etmişdi. Sonradan aydın oldu ki, sağ ayağında bağlar qırılıb.