Sabah Millətlər Liqası çərçivəsində baş tutucaq Belarus -Azərbaycan matçında ədaləti isveçli hakim Məhəmməd əl-Hakimi qoruyacaq.
“Football-plus.az” saytı olaraq referinin bu vaxta kimi idarə etdiyi oyunlarda nə qədər obyektiv olması və yığmamızla yollarının kəsişməsi ilə bağlı monitorinq apardıq.
Məhəmməd əl-Hakimi 2008-ci ildə hakimlik karyerasına başlayıb. İraq mənşəli referi 2012-dən İsveç çempionatının oyunlarını idarə edir. 2017-dən isə beynəlxalq matçlara təyinat alır. İdarə etdiyi oyunlarda tolerantlığı ilə diqqəti çəkir. Belə ki, nadir hallarda 2-ci "sarı"ya və qırmızı vərəqəyə əl atır. Ədalət təmsilçisi idarə etdiyi son 30 oyunda, həmçinin yığmaların və klubların beynəlxalq matçlarında cəmi 1 dəfə qırmızı vərəqə göstərib.
Referi bu vaxta kimi millinin və klublarımızın qitəmiqyaslı oyunlarına təyinat almasa da, Belarusla bir dəfə yolları kəsişib. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində gerçəkləşən Estoniya - Belarus qarşılaşmasını (2:0) idarə edib. Onun təyinat aldığı rəsmi matçlar qolsuz yekunlaşmayıb, 5 oyuna 13 sarı vərəqə göstərib.
Ümid edək ki, ilk dəfə millimizin oyununa təyinat alan Məhəmməd əl-Hakiminin idarəçiliyi bizim üçün düşərli olacaq.
ABDULLA İSMAYILOĞLU