"Qarabağ" "Kəpəz"lə oyunlarda əksər hallarda favorit sayılıb, indi belə deyil" - Arif Əsədov

21.11.2026 15:23 0
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" oyununa cəmi bir gün qaldı. Futbol ictimaiyyətin gərgin keçəcəyi şübhə doğurmayan matçda qələbənin kimə qismət olacağını böyük həyəcanla gözləyir. Axı hər iki tərəfin üstün və zəif cəhətləri var.

Oyunla bağlı fikrini öyrənmək üçün təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Kəpəz", "Neftçi" və "Qarabağ" müstəqillik illərinin əvvəlindən Azərbaycan çempionatında əzəli rəqiblər olublar. Gəncə təmsilçisi daim çempionluq uğrunda mübarizə aparıb. Son dönəmlərdə komandada eniş var idi. Bu mövsümdən isə özünü yaxşı tərəfdən göstərir. Durum elədi ki, hətta avrokuboklara vəsiqə uğrunda döyüşmək olar. Niyə bu fürsətdən istifadə edilməsin?! Prinsipial oyun olacaq. "Qarabağ" bu rəqiblə oyunlarda əksər hallarda favorit sayılıb, indi belə deyil. Möhtəşəm azarkeş dəstəyi "Kəpəz" üçün əlavə motivasiyadı, üstünlükdü. Bəli, "Qarabağ" heyət, təcrübə baxımından daha güclü görünür. Amma komanda böyük ölçüdə yenilənib, futbolçuların uyğunlaşma prosesi davam edir.

"Kəpəz" xeyli xal toplaya bilib. Uzun müddət idi uduzmurdu. "Neftçi" həmin seriyaya son qoydu. Ümumiyyətlə, hazırda "Qarabağ"da eniş yaşanır. Tutarlı hücumlar qurmaqda, qol vurmaqda çətinlik çəkirlər. Meydan sahibləri əzmkarlıqla həm "doğma divarlar" amilindən, həm də rəqibin zəif cəhətlərindən yararlana bilər. Qonaqlar isə təcrübədən faydalanmalıdı. Hazırda kimin qalib gələcəyini demək çətindi".


KƏNAN BAHADIR