
''Fənərbaxça'' Jezuşla neçə illik müqavilə imzaladı?
''15 illik seriyaya son qoymağa çalışacam''
''Fənərbaxça''nın Jorje Jezuşa qovuşduğunu xəbər vermişdik. Dünyaca ünlü portuqaliyalı mütəxəssis iyunun 1-də klubun stadionu və bazası ilə tanış olmuşdu. İyunun 2-də anlaşma klub tərəfindən rəsmən açıqlandı. Jezuşla birillik müqavilə imzalandı. Onun illik məvacibi 3 milyon avro təşkil edəcək! Dünən isə ''Ülkər'' stadionunda tanınmış məşqçi üçün jurnalistlərin də iştirakı ilə imza mərasimi təşkil olundu.
''Türkiyəyə gələn ən üst səviyyəli məşqçi''
Tədbirdə ilk açıqlama verən başqan Əli Koç oldu. Prezident yeni məşqçi ilə aparılan danışıqlar prosesinin axarından və başqa məsələlərdən danışdı. Koçun sözlərindən belə aydın oldu ki, ''Fənər''in birinci hədəfi mətbuatın da yazdığı kimi Yoahim Löv idi. Hətta ikinci dövrədə komandanın başında olan İsmayıl Kartal Löv gələcəyi təqdirdə onun köməkçisi kimi işləməyə də razılıq vermişdi. Amma ünlü almaniyalı mütəxəssislə anlaşmaq mümkün olmadığından rəhbərlik diqqətini başqa variantlara yönəltmək məcburiyyətində qaldı. Koç Jezuşla ilk dəfə dekabrda, daha dəqiq desək, bu məşqçi ''Benfika''dan qovulandan 4 gün sonra əlaqə saxlayıbmış. O vaxt Jezuş futbol haqda danışmaq istəmədiyini və istirahətə ehtiyac duyduğunu deyibmiş. Apreldən etibarən İstanbul nəhəngi mütəxəssislə yenidən əlaqə qurdu və klub rəsmiləri, eləcə Koç özü bir neçə dəfə Portuqaliyaya səfər etdi. Prezidentin sözlərinə görə tədricən Jezuş da ''Fənərbaxça''ya maraq göstərərək ''Slaviya''ya qarşı oyundan etibarən klubun matçlarını izləməyə başladı. ''Fənər''in zəngin tarixə malik olmasına rəğmən, son 8 ildə çempion ola bilməməsi və titula həsrət qalması onun da diqqətini çəkdi. Koçun Jezuş haqda danışarkən ''bu gün qarşınızda bir Türkiyə klubunun gətirə biləcəyi ən üst səviyyəli məşqçini Türkiyəyə gətirməyin sevincini, qürurunu yaşayırıq'' ifadəsini işlətməsi diqqətdən qaçmadı. Prezident transfer məsələsinə də toxunaraq yeni məşqçinin tələblərini də dilə gətirib. O, portuqaliyalının 3-4 yeni transfer tələb etdiyini, eləcə də Krespo, Rossi, Kim Min Çje kimi futbolçuların komandada qalmasını istədiyini vurğulayıb. Koç sonda Jezuşun vətəndən kənarda toplanış keçmək istəmədiyini və komandanın yeni mövsümə Sancaktəpədə, eləcə də Topuk Yaylasında yerləşən öz doğma bazasında hazırlaşacağını qeyd edib.
''Özilin durumu olduğu kimi davam edəcək''
Daha sonra söz Jezuşa verilib. Sözlərinə türk dilində dediyi ''hazırmısız'' kəlməsi ilə başlayan 67 yaşlı mütəxəssis birillik müqaviləyə imza atmasının səbəbi, əsas komandadan kənarlaşdırılan Mesut Ozilin taleyi kimi məsələlər də daxil olmaqla jurnalistləri maraqlandıran bütün məqamlara aydınlıq gətirib:
40-cı əcnəbi məşqçi
''Fənərbaxça''nın Vitor Pereyranın ötən il uğursuzluğa düçar olmasından sonra yenidən portuqaliyalı məşqçiyə güvənməsi diqqəti çəkir. Amma Jezuş, təbii ki, həm titulların sayına, həm futbol dünyasındakı nüfuzuna, həm təcrübəsinə görə Pereyradan öndədi. Ümumilikdə Jezuş ''Fənərbaxça'' tarixinin 77-ci fərqli, 40-cı əcnəbi baş məşqçisi oldu. Klubun geridə qalan 115 illik tarixi ərzində işləmiş 76 məşqçisindən 39-u əcnəbi, 37-si yerli olub. Jezuşdan əvvəl işləyən 39 əcnəbi məşqçi ümumilikdə 13 ölkəni təmsil edib. Onlardan 7-si macar, 6-sı yuqoslaviyalı, 5-i alman, 4-ü niderlandlı, ingilis və alman olubsa, Xorvatiya ilə Rumıniyanı 2, Şotlandiya, İtaliya, Slovakiya, İspaniya və Portuqaliyanı 1 məşqçi təmsil edib. Konkret Əli Koçun dönəminə, yəni 2018-in yayından bəri olan müddətə nəzər salsaq, Jezuş ''Fənərbaxça''nın başına keçən 10-cu fərqli məşqçidi! Koçun dönəmində komandanı Filip Koku, Ervin Kuman, Ərsun Yanal, Zəki Murat Gölə, Tahir Karapınar, Erol Bulut, Əmrə Belözoğlu, Vitor Pereyra və İsmayıl Kartal çalışdırıb. Yeri gəlmişkən, Jezuşun iyunun 3-də baş məşqçi kimi rəsmən ictimaiyyətə təqdim olunduğunu nəzərə alsaq, sonda bir maraqlı məqamı da xatırladaq. 18 il öncə - 2004-cü il iyunun 3-də ''Fənərbaxça'' sonradan adını klubun tarixinə qızıl hərflərlə yazdıracaq Aleks de Souza üçün də imza mərasimi keçirmişdi…
ƏLİ RAUFOĞLU