Mbappe PSJ-də qaldı, Leonardoya isə qapı göstərildi!

22.05.2022 16:19 541
Dünya futbolu
Nəhayət, Kilian Mbappenin bundan sonrakı karyerasına rəsmən aydınlıq gəlib.

Gənc futbolçu PSJ ilə yeni müqavilə imzalayıb. Fransa klubunun rəsmi saytının yaydığı xəbərə görə, 23 yaşlı hücumçu ilə iyunun 30-da qüvvədən düşəcək müqavilənin müddəti 2025-ci ilin yayına qədər uzadılıb. Paytaxt klubunda 2018-ci ildən çıxış edən Mbappe bir neçə ay əvvəl “Real”la şifahi razılığa gəlmişdi. Lakin o, çox götür-qoydan sonra İspaniya klubunun təklifini rədd edərək hazırkı komandasında qalmağa qərar verib.

Kilianın müqaviləsini yeniləməsi ilə Leonardonun PSJ-dən getməsi bir olub. PSJ-nin idman direktoru Fransa çempionatının sonuncu turunun “Mets”lə oyunundan (5:0) bir neçə dəqiqə sonra vəzifəsindən azad edilib. Leonardo ilk dəfə bu postda 2011-14-cü illərdə çalışıb. Sonra “Milan” və “Antalyaspor” klublarında müxtəlif vəzifələrdə işləyib. Braziliyalı funksioner 2019-cu ildə yenidən PSJ-nin idman direktoru təyin edilib. Yerli mənbələr onun istefaya göndərilməsinin rəhbərliyin son illərdəki transfer əməliyyatlarından narazılığı ilə bağlı olduğu qeyd edilir.