Premyer-liqanın 26-cı turunda, “Sabah”ın səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub etdiyi matçda dünya futbolunda nadir rastlanan hadisə baş verdiyini xəbər etmişdik.
Belə ki, “bayquşlar”ın ilk qolunun müəllifi olan Boyan Letiç ikinci hissəyə təxminən 1 dəqiqə gecikdi. Nədənsə, bu məqam həm matçın baş hakimi Elçin Məsiyevin, həm də Letiçin komanda yoldaşlarının diqqətindən yayındı. İkinci hissənin başladığını görən bosniyalı futbolçu təəccüblə meydana çıxmağa çalışsa da, yalnız oyun dayananda buna icazə verildi. “Sabah”ın baş məşqçisi Murad Musayev mətbuat konfransında yan xətt hakimindən oyunçunun gəlməsini gözləmələrini xahiş etdiyini, referinin isə buna icazə vermədiyini söylədi.
Amma meydanda əhval-ruhiyyə tam başqa idi. Həm Letiç, həm də Məsiyev təəccüb içində idi. Bu vəziyyətin yaranmasında kim günahkardı? Dediyimiz kimi, Letiç cəmi 1 dəqiqə gecikmişdi. Onu gözləmək mümkün deyildi?
Sualımızı sabiq hakim Əfqan Həmzəyevə ünvanladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Qaydalarda var ki, oyunun həm başlanğıc fitindən, həm də ikinci hissə başlamadan əvvəl hakim bütün futbolçuların sayına nəzarət etməlidi. Meydanda futbolçu çatımazlığı varsa, bu haqda komanda nümayəndələrindən informasya almaldıdı. Həmin oyunçu üzrsüz səbədən gecikibsə, komandada 7 nəfərdən artıq futbolçu varsa, referi oyunu başlada bilər. Sadəcə, oyunçunun niyə gecikdiyi haqda informasiya almalıdı. Hakimə futbolçunun zədələndiyini, həkimin onun zədəsini sağaltmaqla məşğul olduğu və bu üzdən 1-2 dəqiqə gecikəcəyi deyilsə, ədalət təmsilçisi oyunu başlatmaya bilər. Amma məcburi deyil ki, başlatmasın. Yəni qaydalarda belə bir şey yoxdu. Hakimin oyunu bərpa etməsi və ya ikinci hissəni başlatması üçün müəyyən qədər vaxtı qalıbsa, onda qarşılaşmanı başlatmalıdı. Bilirik ki, matçların hamısı canlı yayınlanır və hər dəqiqənin də öz hökmü var. Hakim oyunu vaxtında başlatmalıdı. Referi oturub gözləyən deyil ki, bu oyunçunu həkim yoxlayacaq, ya sarıyacaq. Bu onun vəzifəsi deyil. Sadəcə, bu haqda informasiya almalıldı. 1, maksimum 2 dəqiqə gözləyə bilər. Bundan çox uzanarsa, hakim oyunu başlatmalıdı. Futbolçu gələndə isə hakimin icazəsi ilə meydana çıxa bilər. Bəli, qaydalarda var ki, dəyişiklik zamanı oyunçu zədələnib meydandan kənara çıxanda hakimin icazəsi ilə qayıda bilər. Birbaşa meydana çıxması qaydalara ziddi. Ona görə də hakimin addımı düzdü. Yanlış olan odu ki, hakim oyunçu haqda əvvəlcədən informasiya almalı idi. Alıbsa ki, gecikmə 1 dəqiqə çəkəcək, onda gözləyə bilər. 1-2 dəqiqə böyük müddət deyil. Yox, bundan çox çəkəcəyini düşünübsə, Məsiyev burda düz hərəkət edib”.
Qeyd edək ki, 2 ay öncə baş tutan “Keşlə” (“Şamaxı) – “Sabah” (0:1) matçında komandalar fasilədən qayıdarkən 4-cü hakim Vüqar Həsənli qonaqların qapıçısı Səlahət Ağayevin geyimində qüsur taparaq, onu meydana buraxmadı. Referi qolkiperə gedib qüsuru aradan qaldırmasını söylədi. Bu üzdən oyun 10 dəqiqə gec başladı. Əfqan Həmzəyev bu məsələ ilə bağlı bunları dedi:
“Səlahət qapıçıdı. Qolkiperlə oyunçu arasında fərq var. Qapıçı gecikibsə, hakim oyunu başlatmamalıdı. Qapıçısız oyun başlaya bilməz. Bu qaydadı. Səlahətin oyun geyimində və ya başqa bir səbəbdən problemi olubsa, hakim mütləq gözləməlidi”.
SƏNƏM FƏRHADOVA